Yumşaq və şirin dadı ilə seçilən təzə qarğıdalı yay aylarında azərbaycanlılar və digər xalqlar arasında sevilən qidalardan biridir. Onu düzgün bişirmək vacibdir ki, dənələri həqiqətən yumşaq və şirəli olsun. Lakin hər kəs qarğıdalını plitə və qazandan istifadə etmədən hazırlamağın mümkün olduğunu bilmir.
Demokrat.az xəbər verir ki, sadə bir üsulla ideal dadı bir neçə dəqiqəyə əldə etmək olar.
Mikrodalğalı sobada qarğıdalını 5 dəqiqəyə necə bişirmək olar?
Tərəvəzi hazırlamağın ən sürətli üsulu nə qaynatmaq, nə də sobada bişirməkdir. Gənc qarğıdalı mikrodalğalı sobada cəmi bir neçə dəqiqəyə hazır olur. Bu üsul sadəliyi və rahatlığı səbəbindən geniş yayılıb.
Qarğıdalını bu üsulla iki formada hazırlamaq olar – sellofan paketdə və ya kağız salfetlərdə.
Əvvəlcə qarğıdalının yarpaqlarını təmizləyin və içərisinə bir qədər su əlavə edilmiş paketə yerləşdirin. Paketi bağlayın və bir neçə yerindən diş çöpü ilə deşik açın. Daha sonra onu boşqaba qoyun və mikrodalğalı sobada maksimum gücdə 2-3 dəqiqə qızdırın.
Hazır olduqdan sonra ehtiyatla çıxarın, çünki paket çox isti olacaq. Qarğıdalının dadını yoxlayın – o, plitədə bişirilmiş qarğıdalı kimi şirəli və yumşaq olmalıdır.
Kağız dəsmaldan istifadə etməklə hazırlanan qarğıdalı da eyni dərəcədə yumşaq alınır. Salfetləri bol su ilə isladın və təmizlənmiş qarğıdalını onlarla bükün. Boşqaba qoyaraq maksimum gücdə 4-5 dəqiqə bişirin. Eyni anda iki qarğıdalı hazırlayırsınızsa, vaxtı 8 dəqiqəyə qədər artırın.
Qarğıdalını plitədə necə düzgün bişirmək olar?
Əgər mikrodalğalı soba yoxdursa, qarğıdalını ənənəvi üsulla – qazanda bişirmək olar. Sadə proses olsa da, bir neçə vacib məqamı nəzərə almaq lazımdır.
Qarğıdalını bişirməzdən əvvəl onun yarpaqlarını tam təmizləməyin. Yarpaqlar dənələrin içindəki şirəni qoruyur və qurumasının qarşısını alır. Beləliklə, qarğıdalı daha şirəli alınır.
Hazırlanma prosesi sadədir. Yarpaqlı qarğıdalıları soyuq suya qoyun və orta odda bişirin. Su qaynadıqdan sonra bişmə müddəti 20 dəqiqədən 60 dəqiqəyə qədər davam edə bilər. Qarğıdalı nə qədər gəncdirsə, bir o qədər tez hazır olur.
Bişirmə zamanı suya duz əlavə etmək tövsiyə edilmir. Duz dənələrdəki şirəni çıxararaq onları quru və sərt edə bilər. Daha şirəli olması üçün qazana bir çay qaşığı şəkər əlavə etmək daha məqsədəuyğundur.
Son vacib məqam isə qarğıdalı seçimi ilə bağlıdır. Yemək üçün xüsusi qida sortlarından istifadə etmək lazımdır, yem sortlarından yox. Yem qarğıdalıları hətta iki saat bişirildikdən sonra belə sərt və dadsız qala bilər.
Jalə Demokrat.az


