Dünya Özəl

Səfir Karlovun öldürülməsi planlaşdırılmış kəşfiyyat əməliyyatı olub — Siyasi qətlin detalları

Səfir Karlovun öldürülməsi planlaşdırılmış kəşfiyyat əməliyyatı olub — Siyasi qətlin detalları

Türkiyə ilə Rusiyanın yaxınlaşmasının qarşısını almaq üçün səfir "qlobal qüvvələrin hədəfinə" çevrilib.

Demokrat.az xəbər verir ki, bu barədə Türkiyənin “Sabah” qəzeti məlumat yayıb.

Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun 2016-cı ildə qətlə yetirilməsi sadəcə terror aktı deyil, həm də yaxşı planlaşdırılmış casusluq əməliyyatı idi.

Nüfuzlu "Sabah" qəzetinin məlumatına görə, bu, Ankaranın 34-cü Ağır Cinayət Məhkəməsinin gəldiyi nəticə idi. Məhkəmə işi dinləyib cinayəti "siyasi və ya hərbi casusluq" kimi dəyərləndirib.

Məhkəmə qeydlərinə görə, 15 iyul 2016-cı ildə Türkiyədə baş verən çevriliş cəhdindən sonra qadağan olunmuş FETÖ terror təşkilatının əsas məqsədi qorxu yaratmaq və milləti Türkiyəni "hətta xarici səfirləri belə qoruya bilməyən təhlükəli ölkə" kimi təqdim etmək idi.

Həmçinin iddia edilir ki, Türkiyənin Rusiya ilə yaxınlaşması səbəbindən "qlobal qüvvələrin hədəfinə" çevrilib. Qəzet cinayət işinin materiallarına istinadən xəbər verir ki, "15 iyul uğursuz çevriliş cəhdindən sonra FETÖ qruplaşmaları Türkiyəni müharibəyə sürükləmək üçün şeytani plan hazırladılar".

Sənədlər həmçinin sui-qəsd planının kəşfiyyat toplama mərhələsinin Türkiyənin Milli Kəşfiyyat Təşkilatının Rusiya işlərindən məsul olan bölməsinə sızan FETÖ agentləri tərəfindən təşkil edildiyini göstərir.

Səfir haqqında məxfi məlumatlar, xüsusilə də onun mühafizəçilərdən istifadə edib-etmədiyi, səfirlikdən çıxış vaxtları və avtomobilinin dövlət qeydiyyat nişanları barədə hər informasiya detalları ilə toplanmışdı. Sui-qəsdin təşkilatçıları müəyyən etmişdilər ki, Rusiya səfiri türk rəsmilərinə etibar etdiyi üçün onlardan mühafizə tələb etməyib.

Bildirilir ki, FETÖ rus diplomata atəş açan və hadisə yerində öldürülən Mövlud Altıntaşı sui-qəsdə dörd ay ərzində hazırlayıb.

Məhkəmə həmçinin müəyyən edib ki, FETÖ təşkilatı bütün vasitələrlə cinayətdə əli olduğunu gizlətməyə və məsuliyyəti cihadçı qrupların üzərinə yıxmağa çalışıb. Məhkəmə sənədlərinə əsasən, işdə adı keçən şəxslərdən biri, ABŞ-a qaçmış Camal Karaata sonradan Rusiya agentləri tərəfindən məhv edilmək qorxusu səbəbindən Kanadadan sığınacaq istəyib.

Xatırladırıq ki, Rusiyanın Türkiyədəki səfiri Karlov 19 dekabr 2016-cı ildə Ankarada fotosərgisinin açılışında çıxış edərkən sui-qəsdə uğramışdı. O, ölümündən sonra "Rusiya Qəhrəmanı" adına layiq görüldü. Karlovun qətli işi üzrə hökm 2021-ci ilin mart ayında çıxarıldı: beş nəfər ömürlük həbs cəzasına məhkum edildi, səkkiz nəfər 5 ildən 15 ilə qədər həbs cəzasına məhkum edildi, altı nəfər isə bəraət aldı. Məhkəmə qaçaq müttəhimlərin işlərini ayrıca icraata ayırdı.

Alparslan Demokrat.az

D
demokrat.az