Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaydığı məlumata əsasən, bu ilin iyun ayında ailə başçısını itirməyə görə 191 min 624 nəfərə pensiya və müavinət ödənilib. Bildirilib ki, ailə başçısını itirməyə görə ödəniş alanlardan 139 min 182 nəfəri pensiya, 52 min 442 nəfəri isə müavinət alıb.
Bu sahədə sosial müdafiənin gücləndirilməsi üçün hansı islahatlara ehtiyac var?
Bu barədə Demokrat.az-a açıqlama verən Vətəndaşların Əmək Hüquqları Liqasının sədri Sahib Məmmədov bildirib ki, qanunvericilikdə ailə başçısını itirməyə görə əmək pensiyası və müavinət nəzərdə tutulur:
“Əgər şəxsin əmək pensiyası hüququ yoxdursa, ona müavinət verilir və onun məbləği 220 manatdır. Əmək pensiyası hüququ olan şəxslərə isə ailə başçısını itirməyə görə əmək pensiyası təyin olunur.
Ümumilikdə, əmək pensiyası yaşa görə, ailə başçısını itirməyə görə və əlilliyə görə olmaqla üç növə bölünür. Bu sahədə qanunvericiliyə hazırda hansısa bir dəyişiklik gözlənilmir. Çünki bu, müəyyən olunmuş qaydadır”.
Sahib Məmmədov əlavə edib ki, işləyən şəxs, yəni ailə başçısı vəfat etdikdə onun yetkinlik yaşına çatmayan övladlarına, yaxud yetkinlik yaşına çatıb təhsil alan övladlarına, eləcə də əlilliyi olan arvadına və ya ərinə qanunvericiliyə uyğun olaraq ailə başçısını itirməyə görə əmək pensiyası təyin olunur:
“Bu məsələ ilə bağlı minimum müavinətlərin artırılması məsələsi gündəmə gələ bilər. Son bir neçə ildə bu istiqamətdə artım olmayıb. Ola bilsin ki, növbəti illərdə müavinətlərin məbləği artırılsın. Eyni zamanda, növbəti illərdə minimum əmək pensiyasının məbləğində də artım ola bilər. Bu, adətən bir neçə ildən bir baş verən prosesdir”.


