Avto Özəl

Problem Çin maşınındadır, ya sürücüdə? — Açıqlama

Problem Çin maşınındadır, ya sürücüdə? — Açıqlama

Çin istehsalı avtomobillərlə bağlı şikayətlər artmaqda davam edir. Sosial şəbəkələrdə yayılan yeni görüntülər bu dəfə Changan Uni Z modelini gündəmə gətirib, iddialara görə avtomobil cəmi 325 kilometr yürüşdən sonra ciddi nasazlıqla üzləşib. Yeni texnologiyalı mühərrikin qısa müddətdə sıradan çıxması bu brendlərə olan etimadı yenidən sual altına alır. Bəs bu hallar Çin avtomobillərinin keyfiyyəti ilə bağlı narahatlıqları daha da artırırmı?

Mövzu ilə bağlı avtomobil eksperti Razil Nağıyev Demokrat.az-a bildirib ki, mühərrikin 500 km yürüşə çatmadan sıradan çıxmasını birbaşa Çin istehsalı avtomobillərin keyfiyyəti ilə əlaqələndirmək düzgün olmaz:

Problem Çin maşınındadır, ya sürücüdə? — Açıqlama

"Mühərrikin bu qədər qısa yürüşdə sıradan çıxmasının bir neçə mümkün texniki səbəbi ola bilər. Bunlardan biri istehsal qüsuru (zavod defekti) ola bilər. Bu, mühərrikdə istifadə olunan detalların istehsalı zamanı yaranmış qüsurlar və ya istehsal prosesində qüsurlu komponentlərin istifadə edilməsi ilə əlaqədar baş verə bilər. Eyni zamanda, yağ nasosunun istismar zamanı sıradan çıxması da mühərrikin ciddi nasazlığına səbəb ola bilər. Yağ nasosu sıradan çıxdıqda mühərrikdə lazımi yağ təzyiqi yaranmır və yağlama sistemi öz funksiyasını yerinə yetirə bilmir. Nəticədə mühərrikin hərəkətli hissələri kifayət qədər yağlanmır, sürtünmə və temperatur kəskin artır ki, bu da mühərrikin qısa müddət ərzində tam sıradan çıxmasına gətirib çıxara bilər".

Ekspert deyib ki, digər mümkün səbəblərdən biri istehsalçının tələb etdiyi oktan dərəcəsindən aşağı oktanlı yanacağın uzun müddət istifadə edilməsidir:

"Tələb olunan oktan dərəcəsinə uyğun olmayan yanacaq mühərrikdə detonasiya, yanma prosesinin pozulması və daxili hissələrin zədələnməsi ilə nəticələnə bilər.

Bundan əlavə, mütəmadi olaraq mühərrik işə salındıqdan dərhal sonra, tam iş temperaturuna çatmadan aqressiv sürüş tərzi ilə idarə edilməsi və yüksək dövrlərdə istismar olunması mühərrikin vaxtından əvvəl sıradan çıxmasına səbəb ola bilər.

Eyni zamanda, mühərrikdə və ya onun komponentlərində istifadə olunan detalların material keyfiyyətinin və etibarlılığının kifayət qədər yüksək olması mühərrikin uzunömürlü və etibarlı işləməsi üçün vacib şərtlərdəndir. Materialın möhkəmliyi, emal keyfiyyəti və istehsal standartlarına uyğunluğu mühərrikin istismar müddətinə birbaşa təsir göstərir. Bu göstəricilər kifayət qədər yüksək olmadıqda, erkən nasazlıq riski artır. Qeyd olunan səbəblərdən hər hansı biri və ya bir neçəsinin ayrı-ayrılıqda və ya birlikdə təsiri nəticəsində mühərrikdə ciddi nasazlıqlar baş verə bilər", - deyə o qeyd edib.

Əfsanə Kamal

D
demokrat.az