ABŞ-ın "Weave Robotics" şirkəti ev işlərini yerinə yetirə bilən yeni humanoid robotu "Isaac 1"i rəsmi olaraq təqdim edib. Yeni robot gündəlik məişət işlərini avtomatlaşdıraraq istifadəçilərin həyatını xeyli asanlaşdırmağı hədəfləyir.
Demokrat.az Türkiyə mediasına istinadən xəbər verir ki, şirkətin 2026-cı ilin fevralında təqdim etdiyi və yalnız sabit bir nöqtədə paltar qatlaya bilən "Isaac 0" modelinin təkmilləşdirilmiş versiyası olan "Isaac 1" artıq hərəkət imkanına malikdir. Robot evin müxtəlif otaqları arasında müstəqil şəkildə hərəkət edərək paltar qatlama, yataq yığma, dağınıqlığı toplama və əşyaları yerinə yerləşdirmə kimi gündəlik işləri yerinə yetirə bilir.
"Isaac 1"in ən diqqətçəkən xüsusiyyətlərindən biri onun mühərrikli, təkərli platforma üzərində sərbəst hərəkət etməsidir. Teleskopik gövdəsi sayəsində robotun hündürlüyü 90 santimetrdən 1 metr 75 santimetrə qədər tənzimlənə bilir. Bu xüsusiyyət ona hündür rəflərə, dolablara və çarpayılara rahatlıqla çatmağa imkan verir. İstifadə olunmadıqda isə gövdəsini yığaraq daha az yer tutur.
Robot tapşırıqların böyük hissəsini daxili süni intellekt sistemi vasitəsilə müstəqil şəkildə icra edir. Mürəkkəb vəziyyətlə qarşılaşdıqda isə uzaqdan qoşulan insan operatorlarının dəstəyi ilə işi tamamlayır. Şirkət bildirir ki, süni intellekt modelləri inkişaf etdikcə robotun yerinə yetirə biləcəyi ev işlərinin sayı da artacaq.
"Isaac 1"in satış qiyməti 7 999 ABŞ dolları müəyyən edilib. Bundan əlavə, cihazı almaq istəməyən müştərilər üçün aylıq 449 ABŞ dolları dəyərində icarə və abunə modeli də təqdim olunur.
ABŞ-da 250 ABŞ dolları məbləğində depozitlə ön sifarişlərin qəbuluna başlanılıb. İlk çatdırılmaların 2026-cı ilin payızında Kaliforniyada həyata keçirilməsi, 2027-ci ildən etibarən isə robotun ABŞ üzrə satışa çıxarılması planlaşdırılır.
Jalə Demokrat.az


