Sosial Özəl

Azərbaycanda çəyirtkə "yağışı" — Səbəb açıqlandı (VİDEO)

Azərbaycanda çəyirtkə yağışı — Səbəb açıqlandı (VİDEO)

TikTok-da çəyirtkələrin sürü halında yayılmasını əks etdirən videolar geniş müzakirələrə səbəb olub. Görüntülər sakinlər arasında narahatlıq yaradıb və bu həşəratların əkin sahələri üçün yaratdığı riskləri yenidən gündəmə gətirib. Bəs çəyirtkələrin kütləvi yayılması nə dərəcədə təhlükəlidir?

Mövzu ilə bağlı ekoloq Sadiq Həsənov Demokrat.az-a bildirib ki, əgər videodakılar çəyirtkələrdirsə, doğrudan da çox təhlükəlidirlər:

"Çünki hazırda çəyirtkələrin aktiv dövrüdür. Onlar adətən yaz və yay aylarında daha fəal olurlar, yumurtadan çıxır, sürətlə çoxalırlar və təxminən qış mövsümünə qədər aktiv qalırlar. Hazırda əkinlərin böyüməsi və məhsuldarlıq dövründə onların bu cür hərəkəti xüsusilə təhlükəlidir. Çünki 1900-cü illərdə, kimyəvi preparatların olmadığı dövrdə çəyirtkələr kütləvi şəkildə yayılaraq demək olar ki, əkin sahələrini tamamilə məhv edirdilər. Onlar bitkiləri kökündən yeyirdilər və sürü ərazini tərk etdikdən sonra tarlalarda demək olar ki, heç nə qalmırdı. Buna görə də çəyirtkələrin bu cür çoxalması müsbət hal deyil. Əgər bu proses artıq intensiv xarakter alıbsa, düşünürəm ki, təxirəsalınmaz tədbirlər görülməlidir", - deyə o qeyd edib.

@potriod3 ♬ orijinal səs - POTRIOD
Ekoloqun sözlərinə görə, çəyirtkələrin kütləvi yayılması yalnız kənd təsərrüfatına deyil, ərzaq təhlükəsizliyinə və ekosistemə də ciddi təsir göstərə bilər. Bu səbəbdən belə halların vaxtında müəyyən edilməsi, zərərvericilərin yayılma arealının mütəmadi izlənməsi və zərurət yarandıqda bioloji və ya kimyəvi mübarizə tədbirlərinin operativ şəkildə həyata keçirilməsi böyük əhəmiyyət daşıyır. Xüsusilə əkin sahələrinin yerləşdiyi bölgələrdə monitorinqlərin gücləndirilməsi mümkün məhsul itkilərinin qarşısının alınmasına kömək edə bilər. Fermerlərə və torpaq mülkiyyətçilərinə sahələrdə qeyri-adi həşərat sıxlığı müşahidə etdikləri halda aidiyyəti qurumlara dərhal məlumat vermək tövsiyə olunur. Bu, həm zərərvericilərin daha geniş ərazilərə yayılmasının qarşısını almağa, həm də kənd təsərrüfatına dəyə biləcək iqtisadi ziyanın minimuma endirilməsinə imkan yarada bilər.

Əfsanə Kamal

D
demokrat.az