Kürdəmir rayonunda 43 yaşlı kişi tanışına bıçaqla xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun Şilyan kəndində baş verib. 1983-cü il təvəllüdlü Pərviz kənddə şənlik məqsədi ilə qurulmuş yerdə ailə üzvləri və qohumları ilə birlikdə rəqs edərkən Cəbrayıl tərəfindən çölə çağırılıb.
Oradan kənarda yerləşən torpaq yola getdikdən sonra Cəbrayıl heç bir xəbərdarlıq etmədən və rəqs etməklə bağlı olan mübahisənin sakit şəkildə həllinə cəhd göstərməyib, ona qarşı fiziki güc nümayiş etdirib.
Cəbrayıl qəflətən Pərvizin üz nahiyəsinə bir dəfə yumruq zərbəsi vuraraq yerə yıxıb, ona fiziki zorakılıq tətbiq edib. Davam edən hücumu nəticəsində özündə yaranmış qorxu, həyəcan və emosional gərginlik şəraitində hərəkət edən Pərviz üzərində gəzdirdiyi turist bıçağı ilə Cəbrayılın bədən nahiyələrinə vurub.
Pərvizin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən Pərviz ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Cəbrayıl ilə aralarında anlaşılmazlıq olub:
“Cəbrayılı dırnaq tutan bıçaqla vurmuşam, xuliqanlıq etmək niyyətim olmayıb. Hadisə əsgər getdi şənliyində mahnı sifarişi üstündə baş verib. Qızım mahnı sifariş verdi, bacanağım qızımın mahnı sifarişini saxlatdırdı və oğlunun burda nə deyirsə onunda olmalı olduğunu dedi.
Bacanağıma “keçən toyda qoymadınız rəqs edək, məni küsdürdünüz, mən də getdim” dedim. Sonra uşaqlar mahnıya rəqs etməyə başladılar. Mən isə keçərək yerimdə oturdum. Cəbrayılın qardaşı gələrək mənə “qardaşım səni çağırır” dedi. Həmin vaxtı onun sözünə fikir vermədim. Bir müddətdən sonra toyxanadan çölə çıxdım. Həmin vaxtı Cəbrayıl özü yaxınlaşaraq məni çölə çağırdı. Cəbrayıl ilə bir yerdə həyətdən çölə çıxdıq. Kol-kos olan əraziyə çatar-çatmaz Cəbrayıl məni yumruq zərbəsi ilə vurdu. Həmin vaxtı özümü itirdim”.
Təqsirləndirilən şəxs deyib ki, daha sonra Cəbrayıl onu kürəyinin üzərindən yerə atıb: “Mənim qolumun biri zədəlidir. Cəbrayıl məni yerə vurduqdan sonra dözə bilmədim. Cəbrayılın qoluna və qarnına bıçaq zərbəsi vurdum. Vurduqdan sonra Cəbrayıl getdi. Cəbrayıl getdikdən sonra onun qohumları yerdə olan zaman məni döydülər. Cəbrayılı bıçaqla vuran zaman özümdə olmadığım üçün ona neçə bıçaq zərbəsi vurduğumu xatırlamamışam. Cəbrayılı məni buraxması üçün qolundan vurmuşam. Özümdə olmadığı üçün məni vuran şəxslərin kimlər olduğunu bilməmişəm”.
Təqsirləndirilən şəxs deyib ki, Cəbrayıla xəsarət yetirdiyinə görə ona təxminən 2000 manata qədər yardım edib, onunla barışıb. Onun sözlərinə görə, hadisə baş verən vaxt spirtli içki qəbul ediblər.
Təqsirləndirilən şəxs əlavə edib ki, üzərində olan və hadisə zamanı istifadə etdiyi bıçağı 20 il əvvəl Türkiyədən alıb. Onun ifadəsinə görə, balaca cib bıçağı olub, hərdən dırnaqlarını təmizləmək üçün istifadə edib. O, sonda deyib ki, Türkiyədə olan zaman sağ əlini şüşə kəsib:
“Damarlarım zədələndiyi üçün qolum yaxşı işləməyib. Cəbrayılı sol əlim ilə vurmuşam. Cəbrayılı qolundan vurmaq istəmişəm. Lakin bıçaq onun qarın boşluğuna dəyib”.
İş üzrə zərərçəkmiş Cəbrayılın sözlərinə görə, hadisə baş verən gün Pərvizlə hər ikisi spirtli içki qəbul ediblər:
“İçkili olmasaydıq bəlkə də bu hadisə baş verməzdi. Əsgər getdi tədbirində mağarda məclisi idarə etmişəm. Tədbir saat 12 radələrində başladı. Pərvizin atam ilə söz-söhbətim düşdü. Bu söz-söhbət mənə xoş təsir bağışlamadı. Mağardan çölə çıxdım. Həmin vaxt Pərviz mağardan kənarda dayanmışdı. Pərvizin üzərində bıçaq olduğunu bilməmişəm. Pərvizə “kənara çəkilək, söhbət edək, atama nə sözün olar, məclisi idarə edən mənəm, nə sözün varsa mənə bildir” dedim. Kənara çəkilən zaman özümdə olmadığım üçün Pərvizi yumruqla vurmuşam. Pərviz də məni qorxutmaq üçün bıçaq atdı. Pərvizin atdığı bıçaq zərbələrindən biri qarın boşluğuma, ikinci zərbə isə qolumdan dəydi. Sonra dayım gəldi, bizi araladı. Daha sonra qardaşım məni xəstəxanaya apardı”.
Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Pərvizin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. Ona 2 il sınaq müddəti olmaqla 3 il şərti cəza verilib.


