Gəncə şəhərində 20 yaşlı oğlan özündən üç yaş böyük olan tanışına xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, 2005-ci il təvəllüdlü Muraz Ələddin İmanovla “Manqal Kabab” adlı kafedə mübahisə edib. Aralarında yaranmış mübahisənin davamı olaraq, mövcud mübahisəni ayırd etmək məqsədilə Gəncə şəhəri, “Vaqif” küçəsində yerləşən “beş yol” adlanan əraziyə yaxın döngəyə gəliblər.
Bu zaman o, bıçaqla Ələddin İmanovun sağ əlin 1-ci barmağına və sağ bilək nahiyəsinə iki dəfə zərbə vurub, ona ağır xəsarətlər yetirib.
Murazın barəsində Cinayət Məcəlləsinin 126.2.4 (ümumi təhlükəli üsulla, xuliqanlıq niyətilə qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan xuliqanlıq törətmək) maddələri ilə ittiham elan edilib.
İş üzrə izahat verən Muraz ona elan olunan ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, 2024-cü ildə, təxminən saat 23 radələrində dostu Ayxan İsgəndərov mobil telefonunda internet şəbəkəsi olmadığından, onunla birlikdə sonuncunun işlədiyi “Manqal Kabab” adlı dönərxanaya getmələrini və orada olan internet şəbəkəsindən istifadə edərək “m10” tətbiqində olan pul vəsaitini öz kartına göndərməyi təklif edib:
“Biz razılaşaraq həmin yerə yollandıq. “Manqal Kabab” adlı dönərxanada olarkən Ayxan İsgəndərovun tanışı və həmçinin iş yoldaşı olan Ələddin İmanov Ayxanın işdən tez çıxdığını bəhanə etdi, ona səsini yüksəltdi və təhqiramiz ifadələr işlətdi. Mən isə Ələddinə bu cür hərəkətlərin xoşagələn olmadığını dedim və ona öz iradımı bildirdim”.
Təqsirləndirilən şəxs deyib ki, daha sonra aralarında qısamüddətli mübahisə yaranıb:
“Bundan sonra mən və Ayxan öz evimizə yollandıq. Bir müddət sonra, saat təxminən 1 radələrində Ələddin İmanov dostum Ayxana zəng edərək “o uşağa denən görüşək” deyə söylədi. Ayxan isə mesaj yazaraq Ələddinlə birlikdə görüşməyi təklif etdi. Mən də razılaşdım. Bir az keçdikdən sonra Ələddin və yanında olan tanımadığım şəxslər yaşadığım əraziyə gəldi. Ələddin avtomobilindən düşər-düşməz xatırladığım qədəri ilə əlində bərk cisim olan külbaqını onun üzərinə atdı. Mübahisə əsnasında Ələddinin əlinə bıçaqla xəsarət yetirdim. Daha sonra Ələddin yolun kənarından taxta parçası götürərək məni təqib etdi. Mən isə qaçaraq yaşadığım evə daxil oldum. Evdə olan zaman qarşılıqlı olaraq dava-dalaş əsnasında mətbəxdə olan bıçağı götürərək Ələddinə xəsarət yetirdim”.
İş üzrə zərərçəkmiş Ələddin sözlərinə görə, “Manqal Kabab” adlı kafedə kuriyerliklə məşğul olub və ailəsini dolandırıb:
“Murazı əvvəllər tanımamışam, həmin şəxslə düşmənçiliyim və ya ədavətim olmayıb. Mənim ilə birlikdə həmin kafedə işləyən Ayxan adlı şəxs verdiyi nöqsanlara görə işdən çıxarıldığı üçün həmin şəxsə yazığım gəldiyindən ara sıra öz yerimə kuryerlik etmək üçün şərait yaratmışam. Daha sonra müdirdən xahiş etdim ki, Ayxanı yenidən işə götürsün. Müdir isə Ayxanı yenidən işə götürdü. Lakin Ayxan müdirin ehtimatını doğrultmadı. Bunun üçün də müdir zəng vuraraq onun barəsində öz narazılığını bildirdi. Buna görə də Ayxana zəng edərək məni nə üçün pis vəziyyətdə qoyduğunu bildirdim. Bu zaman Ayxan kobudcasına “mənim iş saatım saat 20:00-da bitir” ifadəsini işlətdi. Ayxanın bu ifadəsinə əsəbləşərək ondan harada olmasını soruşdum. Ayxan isə cavab olaraq bildirdi ki, kafedəyəm, ora gəl. Kafeyə yaxınlaşanda gördüm ki, Ayxan və Ayxanın yanında tanımadığım şəxs var. Ayxana əsəbi halda öz iradlarımı bildirdim. Bu zaman Ayxanın yanında olan tanımadığım şəxs “səs tonunu aşağı sal” ifadəsini işlətdi. Bu səbəbdən mənim ilə həmin şəxsin arasında mübahisə baş verdi. Lakin kafedə olan şəxslər bizi ayırdılar”.
Zərərçəkmiş qeyd edib ki, daha sonra Ayxan və həmin şəxs oradan uzaqlaşıblar:
“Bu hadisə mənə pis təsir etdiyi üçün Ayxana məxsus mobil nömrəyə zəng edərək harada olmasını soruşdum. Ayxan isə mənə Vaqif küçəsində, yəni “beş yol” adlanan yerin yaxınlığında olmasını, ora gəlməyimi söylədi. Bu zaman təsadüfən işlədiyim kafeyə Şaiq və Məkan adlı dostlarımın dönər yemək üçün gəldiklərini gördüm. Şaiqə məxsus avtomobilə əyləşdim və əsəbi halda dostum Məkandan avtomobili Vaqif küçəsinə sürməyini istədim. Şaiq gördü ki, əsəbi haldayam, dərhal oda avtomobilin arxa oturacağına əyləşdi və biz yola düşdük. Biz “beş yol” adlanan yerə çatdıqda yolun kənarında 2 nəfər şəxsin olduğunu gördüm. Bu zaman Məkana avtomobili saxamasını bildirdim. Məkan avtomobili saxlayan zaman düşdüm və Ayxanın yanında olan adı mənə sonradan məlum olan Muraz ilə əlbəyaxaya çıxdım”.
Zərərçəkmişin sözlərinə görə, bu zaman Ayxan, Şaiq və Məkan onları ayırıblar:
“Mən gördüm ki, Muraz cibində olan cib bıçağını çıxardaraq üzərimə gəlir. Belə olan halda bizi ayıranların əlindən çıxaraq Murazın üzərinə getməyə başladım. Bu vaxt Muraz bıçaq ilə sağ barmağıma və biləyimə xəsarət yetirdi. Xəsarət alandan sonra Murazdan uzaqlaşaraq yolun qırağında olan taxtanı götürdüm və onun üzərinə getməyə başladım. Bu zaman Muraz qaçaraq yaşadığı evin həyətinə girdi. Mən isə Murazın arxası ilə gedərək yaşadığı ünvanın həyətinə daxil oldum. Gördüm ki, Muraz evin qonaq otağına keçib. Mən də Murazın arxası ilə qonaq otağına keçdim. Muraz ilə qonaq otağında yenidən əlbəyaxaya çıxdıq. Bu zaman Muraz pəncərənin qarşısında olan mətbəx bıçağını götürdü və sol döş qəfəsimə bir dəfə bıçaq ilə xəsarət yetirdi. Bu zaman gördüm ki, məndən qan axır, buna görə də onun ilə mübahisəni dayandırdım. Yaralı vəziyyətdə küçəyə çıxdım və dostlarımdan məni xəstəxanaya aparmaqlarını istədim. Dostlarım da məni xəstəxanaya apardılar”.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Muraz 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.


