Təhlil

Sosial şəbəkələr uşaqlardan nə alır?

Sosial şəbəkələr uşaqlardan nə alır?

Sosial şəbəkələr son illərdə uşaqların gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib. Onlar bu platformalarda dostları ilə ünsiyyət qurur, video izləyir, oyun oynayır və müxtəlif məlumatlar əldə edirlər. Rəqəmsal mühit uşaqlar üçün yeni imkanlar yaratsa da, risklər də artır. Kiberdələduzluq, zərərli məzmun, şəxsi məlumatların yayılması, onlayn zorakılıq və rəqəmsal asılılıq artıq bir çox ölkədə ciddi problem hesab olunur.

Bu səbəbdən son illər müxtəlif dövlətlər uşaqların sosial şəbəkələrdən istifadəsini tənzimləyən qanunlar qəbul edir. Azərbaycan da bu istiqamətdə yeni mərhələyə keçir.

Milli Məclis sosial şəbəkələrlə bağlı qanunvericiliyə dəyişiklikləri üçüncü oxunuşda qəbul edib. Dəyişikliklərə əsasən, 16 yaşadək uşaqlar sosial şəbəkə platformalarında hesab aça bilməyəcəklər. 16-18 yaş arasında olan yeniyetmələr isə yalnız valideynin razılığı ilə qeydiyyatdan keçə biləcəklər.

Qanun qəbul edilsə də, yeni qaydalar dərhal tətbiq olunmayacaq. Onların qüvvəyə minməsi üçün 12 aylıq keçid dövrü nəzərdə tutulub.

Məqsəd qadağa deyil

Yeni qaydalar bəzən sosial şəbəkələrə qadağa kimi təqdim olunur. Halbuki qanunun məqsədi tam fərqlidir. Söhbət uşaqların internetdən istifadəsini qadağan etməkdən yox, onları yaşlarına uyğun olmayan risklərdən qorumaqdan gedir.

Bu gün uşaqlar internetdə yalnız faydalı məlumatlarla qarşılaşmırlar. Sosial şəbəkələrdə zorakılıq səhnələri, qumar və narkotik təbliğatı, saxta xəbərlər, aqressiv məzmun, kiberdələduzluq və digər təhlükələr də mövcuddur. Uşaqlar isə yaşları və təcrübələrinin az olması səbəbindən bu riskləri böyüklər qədər düzgün qiymətləndirə bilmirlər.

Məhz buna görə yeni qanunda qeydiyyat zamanı istifadəçinin yaşının yoxlanılması nəzərdə tutulur. Beləliklə, yaşına uyğun olmayan istifadəçilərin müəyyən platformalarda hesab açmasının qarşısı alınmalıdır.

Bu, yeni yanaşma deyil

Əslində yaş məhdudiyyəti hüquqi sistem üçün yeni anlayış deyil.

Bu gün uşaqlara siqaret satılmır. Alkoqollu içkilərin satışı məhdudlaşdırılıb. Yaşa uyğun olmayan filmlərə, pornoqrafik məzmuna və bəzi məhsullara çıxış da qanunla tənzimlənir.

Rəqəmsal mühitdə tətbiq edilən yeni qaydalar da eyni prinsipə əsaslanır. Məqsəd uşaqların hüquqlarını məhdudlaşdırmaq deyil, onların sağlam inkişafını qorumaqdır.

Azərbaycan bu istiqamətdə ilk addımı da indi atmır. Hələ 2018-ci ildə qəbul olunan "Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanun uşaqların yaşına uyğun olmayan informasiyadan müdafiəsini nəzərdə tuturdu. Yeni dəyişikliklər həmin siyasətin sosial şəbəkələrə uyğunlaşdırılması kimi qiymətləndirilir.

Azərbaycan hansı ölkələrin təcrübəsinə baxır?

Bu gün sosial şəbəkələrdə yaş məhdudiyyəti dünyanın ən çox müzakirə olunan mövzularından biridir.

Avstraliya 2025-ci ilin sonunda bu sahədə ən sərt qanunlardan birini qəbul edib. Fransa isə 2026-cı ilin əvvəlində Avropada yaş məhdudiyyəti tətbiq edən ilk ölkə olub.

Hazırda Norveç, Almaniya, Portuqaliya, Türkiyə, Kanada, Yeni Zelandiya, Malayziya, İndoneziya və Hindistanda da oxşar qanunlar hazırlanır və ya qəbul edilir.

ABŞ-da vahid federal qanun olmasa da, ayrı-ayrı ştatlar fərqli yaş hədləri müəyyənləşdirirlər. Böyük Britaniyada "Online Safety Act", İrlandiyada isə "Online Safety Code" uşaqların internet təhlükəsizliyini gücləndirməyə xidmət edən əsas sənədlərdir.

Qonşu Qazaxıstan və Özbəkistanda da analoji qanun layihələri müzakirə olunur.

Bu göstərir ki, Azərbaycan təkbaşına yeni model yaratmır. Əksinə, artıq bir çox ölkədə formalaşan yanaşmadan istifadə edir.

Yaş yoxlanılması necə aparılacaq?

Hazırda ən çox verilən suallardan biri də budur.

Qanun qəbul olunsa da, yaşın necə yoxlanılacağı hələ açıqlanmayıb. Bunun üçün bir illik hazırlıq müddəti ayrılıb.

Bu müddətdə hansı sosial şəbəkələrdə yaş yoxlanılmasının tətbiq ediləcəyi müəyyənləşdiriləcək. Texniki həllər seçiləcək. Maarifləndirmə kampaniyaları keçiriləcək.

Dünyada bunun üçün müxtəlif üsullar mövcuddur. Bəzi ölkələr şəxsiyyət sənədinin təsdiqindən istifadə edir. Digərlərində valideyn razılığı sistemi tətbiq olunur. Bəzi platformalar isə rəqəmsal identifikasiya və süni intellekt vasitəsilə istifadəçinin yaşını müəyyən etməyə çalışırlar.

Azərbaycanın hansı modeli seçəcəyi hazırlıq mərhələsində dəqiqləşəcək.

Qanun niyə məhz indi qəbul edilir?

Ekspertlər hesab edirlər ki, son illər uşaqların sosial şəbəkələrdə keçirdiyi vaxt xeyli artıb. Bununla yanaşı, kibertəhdidlər də çoxalıb.

Artıq bir çox ölkə hesab edir ki, uşaqların müdafiəsi yalnız məktəbdə və ya küçədə təmin olunmamalıdır. Onlar internetdə də qorunmalıdırlar.

Məhz buna görə müxtəlif hökumətlər sosial şəbəkələrin uşaqlara təsirini məhdudlaşdırmaq üçün yeni hüquqi mexanizmlər hazırlayırlar.

Bu mövzu dünya liderlərinin çıxışlarında da tez-tez səslənir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, bəzi sosial media platformaları uşaqların düşüncə tərzinə mənfi təsir göstərir və internetdə alqoritmlərin manipulyasiya imkanları problemi daha da dərinləşdirir.

Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen isə hesab edir ki, əsas məsələ gənclərin sosial mediaya daxil olması deyil, sosial medianın gənclərə nə qədər təsir göstərməsidir.

Norveçin Baş naziri Jonas Gahr Store də bildirib ki, uşaqların uşaqlığı ekranlar və alqoritmlər tərəfindən deyil, oyun, dostluq və real həyat tərəfindən formalaşmalıdır.

İspaniyanın Baş naziri Pedro Sançez isə vurğulayıb ki, real həyatda qanunsuz hesab edilən davranışlar internetdə də qanuni sayıla bilməz.

Qanun təkbaşına problemi həll edəcəkmi?Ekspertlər nə düşünür?

Onların fikrincə, qanun yalnız hüquqi çərçivə yaradır. Əsas nəticə isə onun necə tətbiq olunacağından asılı olacaq.

Valideyn nəzarəti, məktəblərdə rəqəmsal savadlılığın artırılması, uşaqların internet təhlükəsizliyi ilə bağlı maarifləndirilməsi və sosial şəbəkə şirkətlərinin məsuliyyəti də bu prosesin vacib hissəsidir.

Ekspertlər hesab edirlər ki, uşaqları internetdən tam uzaqlaşdırmaq mümkün deyil. Əsas məqsəd onların rəqəmsal mühitdən təhlükəsiz istifadə etməsini təmin etməkdir.

Yeni mərhələ

Azərbaycanda qəbul edilən dəyişikliklər qlobal tendensiyanın davamı hesab olunur. Ölkələr fərqli hüquqi mexanizmlər tətbiq etsələr də, hamısı uşaqların rəqəmsal təhlükəsizliyini gücləndirməyə çalışır.

Qanunun qarşıdakı bir il ərzində necə tətbiq olunacağı, yaş yoxlanılması mexanizminin hansı formada qurulacağı və sosial şəbəkə platformalarının bu prosesə necə qoşulacağı isə yeni tənzimləmənin nə dərəcədə effektiv olacağını müəyyən edəcək.

Bəxtiyar Umarlı

D
demokrat.az