Sosial şəbəkələr gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilib. Bununla yanaşı, rəqəmsal mühitdə uşaqlarım hlükəsizliyinin təmin olunması ilə bağlı narahatlıqlar da artır. Bəs sosial şəbəkələrdə uşaqları risklərdən qorumaq üçün nə etmək lazımdır?
Mövzu ilə bağlı deputat Arzuxan Əlizadə Demokrat.az-a bildirib ki, sosial şəbəkələrdə yaş məhdudiyyəti ilə bağlı qanunvericiliyə təklif olunan dəyişiklikləri həm hüquqi, həm də sosial baxımdan qiymətləndirmək mümkündür:
"Məsələ ondadır ki, bu dəyişikliklərin əsas məqsədi 16 yaşadək uşaqların rəqəmsal mühitdə daha təhlükəsiz iştirakını təmin etməkdir. Yəni qanunvericiliyə edilən dəyişikliklər sosial şəbəkələrdən istifadəyə qadağa qoymaq məqsədi daşımır. Məsələyə ilk növbədə bu prizmadan yanaşmaq lazımdır. Eyni zamanda qeyd edilməlidir ki, bu təcrübə beynəlxalq praktikada da mövcuddur. Bir sıra aparıcı ölkələrdə artıq sosial şəbəkələrdə yaş məhdudiyyəti tətbiq olunub, digər ölkələrdə isə bununla bağlı müzakirələr aparılır və qanunvericiliyə dəyişikliklər edilməsi barədə təkliflər irəli sürülür.
Nəzərdə tutulur ki, qeydiyyat zamanı istifadəçilərin yaşı yoxlanılsın və 16 yaşadək şəxslərə müəyyən məhdudiyyətlər tətbiq edilsin. Eyni zamanda 16-18 yaş arası istifadəçilər üçün valideyn razılığı mexanizminin tətbiqi də nəzərdə tutulur. Bu yanaşma uşaqların internet təhlükəsizliyi sahəsində beynəlxalq təcrübəyə uyğun şəkildə sosial şəbəkələrdən və internet resurslarından daha təhlükəsiz istifadə imkanlarının yaradılmasına xidmət edir".
Deputat hesab edir, bu qanun layihəsi kifayət qədər əsaslıdır:
"Çünki sosial şəbəkələrin və internet resurslarının müsbət tərəfləri ilə yanaşı, mənfi təsirləri də var. Bir çox hallarda yeniyetmələr kiberdələduzların hədəfinə çevrilə, internet resurslarından istifadə təcrübələrinin az olması səbəbindən müxtəlif təsirlər altına düşə, zərərli vərdişlərə yönləndirilə bilərlər. Bundan əlavə, yaşlarına uyğun olmayan məzmunlara çıxış imkanlarının məhdudlaşdırılması da nəzərdə tutulur ki, bu da onların təlim-tərbiyəsi baxımından mühüm əhəmiyyət daşıyır. Qanunvericilikdə nəzərdə tutulan məhdudiyyətlər də məhz bu məqsədə xidmət edir.
Bununla yanaşı, xüsusi qeyd edilməlidir ki, təkcə qanunun qəbul edilməsi onun tam effektiv olacağı anlamına gəlmir. Effektiv nəticə əldə etmək üçün nəzarət mexanizmləri lazımi səviyyədə işləməlidir. Bu məqsədlə müxtəlif təkliflər irəli sürülür və nəzərdə tutulur ki, qanun bir ildən sonra qüvvəyə minsin. Həmin müddət ərzində mütəxəssislərin rəyləri nəzərə alınmaqla elə mexanizmlər hazırlanmalıdır ki, 16 yaşadək şəxslər müxtəlif üsul və vasitələrdən istifadə etməklə bu məhdudiyyətləri asanlıqla aşa bilməsinlər.
Eləcə də, uşaqların rəqəmsal savadlılığının artırılması, məktəblərdə kibertəhlükəsizlik mövzularının tədris edilməsi, bu sahədə biliklərin genişləndirilməsi və valideynlərin maarifləndirilməsi də vacib məsələlərdəndir. Yalnız bu halda gözlənilən nəticəni əldə etmək mümkün olacaq.
Bu baxımdan qanunvericiliyə təklif olunan dəyişikliklər uşaqların fiziki və psixoloji sağlamlığının qorunmasına, onların rəqəmsal mühitdə, sosial şəbəkələrdə və internet resurslarında təhlükəsiz davranış vərdişlərinin formalaşdırılmasına, sağlam inkişafına yönəlmiş siyasətin tərkib hissəsi kimi qiymətləndirilməlidir. Bu sahədə beynəlxalq təcrübə artıq formalaşır və həmin təcrübədən istifadə etməklə, mütəxəssislərin rəyləri nəzərə alınaraq qanunun tətbiq mexanizmləri elə qurulmalıdır ki, effektiv nəticə versin. Bütövlükdə bu prosesdə dövlət qurumları ilə yanaşı ailə, təhsil müəssisələri, təhsil sistemi və sosial şəbəkələri idarə edən texnologiya şirkətlərinin birgə məsuliyyəti də mühüm əhəmiyyət daşıyır.
Nəticə etibarilə məqsəd uşaqları rəqəmsal dünyadan uzaqlaşdırmaq deyil, onları rəqəmsal mühitdə, internet məkanında və sosial şəbəkələrdə daha təhlükəsiz və məsuliyyətli şəkildə iştirak etməyə hazırlamaqdır", - deyə o qeyd edib.


