Sosial

Qəzalı yataqxanada 91 ailə köməksiz qalıb — VİDEO

Qəzalı yataqxanada 91 ailə köməksiz qalıb — VİDEO

Səbail rayonu Badamdar qəsəbəsində 91 ailə məskunlaşdığı binanın içində təhlükə altında yaşayır.

Demokrat.az Baku.TV-yə istinadən xəbər verir ki, 1971-ci ildə tikilmiş, hazırda qəzalı vəziyyətdə olan bina bir neçə il əvvələ kimi Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin balansında olub. Sonradan Bakı Şəhər İcra Hakimiyyətinin balansına verilib. Hər gün qorxu içərisində yaşayan sakinlər mütəmadi olaraq icra qurumlarına yazılı və şifahi şəkildə müraciətlər etsələr də, dəyişən yalnız bəhanələr olub.

Hər dəfə müxtəlif səbəblər deyilərək, sakinlərin dili ilə desək, onları başlarından ediblər. Sakinlər binadakı vəziyyəti belə izah edirlər:

“Evimizin içinə yağış yağır. Divarlar dağılıb tökülür. Çox acınacaqlı vəziyyətdir”.

Məsələ ilə bağlı rəsmi mövqe öyrənmək bizim üçün də asan olmadı.

Belə ki, Səbail Rayon İcra Hakimiyyətindən həmin binanın Bakı Şəhər İcra hakimiyyətinin balansında olduğu bildirildi. Bakı Şəhər İcra Hakimiyyətindən isə bizi Bakı Şəhər Mənzil Kommunal Təsərrüfat Departamentinə yönləndirdilər.

Təəssüflər olsun ki, buradan da yataqxananın 3 saylı xüsusi təyinatlı mənzil-kommunal təsərrüfat birliyinin balansında olduğu bildirildi. Uzun axtarışdan sonra, nəhayət ki, sözügedən birliyin mühəndisi Əli Vəliyev suallarımıza telefonla cavab verdi.

Birlik nümayəndəsi bildirdi ki, həmin yataqxananın qəzalı vəziyyətdə olması barədə Fövqəladə Hallar Nazirliyinin də qərarı var. Bizim imkanımız yoxdur ki, orada təmir aparaq. Buna görə də Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etmişik.

Bəli, yenə də məsələ qalır məsul qurumların ümidinə. Yataqxananın və burada yaşayan insanların taleyi ilə bağlı lazım olan qərarı verməyə, yəqin ki, vaxt və imkan tapa biləcəklər.

​Demokrat.az

D
demokrat.az