Maraqlı Özəl

Ətdən daha dadlı: Balqabaq kotleti üçün iki asan resept

Ətdən daha dadlı: Balqabaq kotleti üçün iki asan resept

Yay mövsümünün sevilən tərəvəzlərindən olan balqabaqdan dadlı və hazırlanması asan kotletlər hazırlamaq mümkündür.

Demokrat.az xəbər verir ki, pendirli xəmirdə və ya pendirli panirovkada qızardılan bu yemək həm qəlyanaltı, həm də yüngül şam yeməyi üçün yaxşı seçimdir.

Balqabaq kotleti pendirli xəmirdə

Tərkibi:

* 2 ədəd cavan balqabaq * 2–3 ədəd yumurta * 3–4 xörək qaşığı un * 50 qram bərk pendir * Bitki yağı * Duz və qara istiot

Hazırlanması:

Balqabaqları yuyun, uclarını kəsin və dairəvi şəkildə doğrayın. Dilimləri qaba qoyub duzlayın və 10–15 dəqiqə saxlayın. Şirəsi ayrıldıqdan sonra mayeni süzün və balqabaqları kağız dəsmalla qurulayın.

Bir boşqaba unu tökün. Digər qabda yumurtaları çalın, üzərinə sürtgəcdən keçirilmiş pendiri, duz və qara istiotu əlavə edib qarışdırın.

Tavanı qızdırın. Hər balqabaq dilimini əvvəlcə una, sonra yumurta-pendir qarışığına batırın. Daha qalın örtük almaq üçün bu prosesi iki dəfə təkrarlaya bilərsiniz.

Kotletləri hər iki tərəfi qızılı rəng alana qədər, təxminən 3–4 dəqiqə qızardın. Süfrəyə xama və xırda doğranmış şüyüdlə birlikdə təqdim edə bilərsiniz.

Balqabaq kotleti pendirli panirovkada

Tərkibi:

* 2 ədəd cavan balqabaq * 100–150 qram bərk pendir * 2–3 ədəd yumurta * 3–4 xörək qaşığı un * 4–5 xörək qaşığı suxarı ovuntusu * Bitki yağı * Duz * Qara istiot * Hisə verilmiş paprika

Hazırlanması:

Balqabaqları yuyun, uclarını kəsin və uzununa nazik dilimlər şəklində doğrayın.

Bir qabda yumurtaları duz və qara istiotla çalın. Bir boşqaba unu, digərinə isə suxarı ovuntusunu, sürtgəcdən keçirilmiş pendiri və paprikanı əlavə edib qarışdırın.

Balqabaq dilimlərini əvvəlcə una, sonra yumurtaya, sonda isə pendirli suxarı qarışığına batırın.

Tavada hər iki tərəfini qızılı rəng alana qədər, təxminən 4–5 dəqiqə qızardın və isti şəkildə süfrəyə verin.

Jalə Demokrat.az

D
demokrat.az