Azərbaycan vətəndaşlığına xitam verilməmiş, eyni zamanda xarici dövlətin vətəndaşlığını da daşıyan şəxslərin müddətli həqiqi hərbi xidmətə cəlb olunması ilə bağlı hüquqi mexanizmlər yenidən diqqət mərkəzinə gəlib. Mövcud qanunvericiliyə əsasən, bu kateqoriyaya aid şəxslərin hərbi xidmət öhdəliyi xüsusi hüquqi çərçivədə tənzimlənir. Məsələ həm ikili vətəndaşlıq statusu, həm də hərbi mükəlləfiyyətlə bağlı hüquqi normaların tətbiqi baxımından aktuallığını qoruyur və ictimai müzakirələrdə yer almağa davam edir.
Məsələ ilə bağlı hərbi ekspert Üzeyir Cəfərov Demokrat.az-a bildirib ki, Azərbaycanda ikili vətəndaşlıq qanunvericiliklə qadağandır.

“Lakin bəzi vətəndaşlarımız xarici ölkələrə gedərək həmin dövlətin vətəndaşlığını da əldə edirlər. Amma bu, o demək deyil ki, onlar Azərbaycan vətəndaşlığını daşımağa davam etdikləri müddətdə müddətli həqiqi hərbi xidmətdən möhlət və ya azadolma hüququ qazanırlar. Xeyr, Azərbaycan qanunvericiliyində belə norma yoxdur. Bu səbəbdən, Azərbaycan vətəndaşlığına xitam verilməyibsə, həmin şəxslər müddətli həqiqi hərbi xidmətə çağırılırlar. Mən indiyədək belə bir praktika ilə qarşılaşmamışam və eşitməmişəm ki, məsələn, Azərbaycan vətəndaşı olan bir şəxs eyni zamanda, tutaq ki, Rusiya vətəndaşıdırsa, bu ona hərbi xidmətdən azadolma versin. Bəzi ölkələrdə ikili vətəndaşlığa qanunla icazə verilir. Amma sən Azərbaycan vətəndaşısansa, 30 yaşa qədər hərbi xidmət Konstitusiya ilə müəyyən edilmiş borcdur və bu, sənin qanuni öhdəliyindir. Ona görə də bu məsələ bu gün də hüquqi qüvvəsini saxlayır və burada hər hansı boşluq yoxdur”.
O deyib ki, əgər həmin şəxs xarici dövlətin ordu sıralarında xidmət keçibsə, bunu təsdiq edən müvafiq sənədləri Azərbaycanın aidiyyəti güc strukturlarına təqdim edə bilər:
“Bundan sonra məsələ ilə bağlı uyğun qərar qəbul oluna bilər. Əvvəlki illərdə bu cür halların müəyyən qədər nəzərə alındığını görürdük. Amma hazırda, bildiyim qədər, əsas prinsip ondan ibarətdir ki, sən Azərbaycan vətəndaşı olaraq Vətən qarşısında öz konstitusion hərbi borcunu yerinə yetirməlisən. Çox əvvəllər bu məsələlərdə müəyyən loyallıq mövcud idi. Məsələn, kimsə hazırki Belarusda xidmət keçirdisə, Azərbaycana qayıtdıqda onun hərbi borcunu yerinə yetirdiyi qəbul edilə bilirdi. Bu yanaşma daha çox Sovet dövründə müşahidə olunurdu. Lakin müstəqillik dövründə bu yanaşma tədricən dəyişdi və sonrakı illərdə imperativ tələb kimi formalaşdı ki, Azərbaycan dövlətinin vətəndaşı olan hər bir şəxs öz müddətli həqiqi hərbi xidmət borcunu şəxsən yerinə yetirməlidir”.


