Bu ilin yanvar-aprel aylarında Azərbaycan 17,4 milyon ABŞ dolları dəyərində 4 min 412 ton iribuynuzlu heyvan əti (təzə və yaxud soyudulmuş, dondurulmuş) idxal edib. Bu, ötən ilin göstəricisindən dəyər ifadəsində 40 %, kəmiyyət olaraq 39 % çoxdur. Azərbaycanın iribuynuzlu heyvan əti idxalında diqqətçəkən dəyişiklik müşahidə olunur. Bu ilin ilk dörd ayında ölkəyə gətirilən mal ətinin həcmi əhəmiyyətli dərəcədə artsa da, ən kəskin artım Rusiyadan idxalda qeydə alınıb. Belə ki, Rusiyadan ət idxalı ötən ilin eyni dövrü ilə müqayisədə 5 dəfə yüksəlib. Bəs bu artımın arxasında hansı iqtisadi və bazar amilləri dayanır?
Məsələ ilə bağlı iqtisadçı Natiq Cəfərli Demokrat.az-a açıqlamasında bildirib ki, Azərbaycanda son beş ildə ət məhsullarının idxalında artım müşahidə olunur:

“Bunun əsas səbəbi yerli istehsalın azalması ilə bağlıdır. Son illərdə ölkədə yerli mal-qaranın sayında ciddi azalma qeydə alınıb. 2020-ci ildən etibarən iribuynuzlu mal-qaranın sayında təxminən 200 mindən çox azalma baş verib. Xırdabuynuzlu heyvanların yəni qoyun və keçilərin sayında isə 1,5-1,6 milyon baş azalma müşahidə olunur. Yerli bazarda istehsal azaldıqca, təbii olaraq idxaldan asılılıq da artır və bazarın tələbatını ödəmək üçün idxala daha çox üstünlük verilir”.
O qeyd edib ki, hazırda bu idxalın bazardakı qiymətlərə ciddi təsiri hiss olunmur:
“Əksinə, ət qiymətləri az da olsa, davamlı şəkildə artmaqdadır. Mövcud idxal həcmi ilə qiymət artımının qarşısını almaq mümkün görünmür. Bu səbəbdən yerli istehsalın artırılması vacibdir. Xüsusilə maldarlıq sektorunun inkişafı sürətləndirilməli, iribuynuzlu və xırdabuynuzlu heyvanların sayı artırılmalıdır. Əks halda, ölkədə heyvandarlıq sahəsində azalma tendensiyası daha da dərinləşə bilər”.


