İlin sonunadək bütün populyar dövlət tətbiqlərinin xidmətlərinin tam şəkildə “mygov” platforması üzərindən təqdim edilməsinin hədəflənməsi Azərbaycanda rəqəmsal transformasiyanın sürətləndirilməsi istiqamətində mühüm addım kimi qiymətləndirilir. Bu yanaşma dövlət xidmətlərinin vahid platformada cəmlənməsinə, vətəndaşların xidmətlərə daha operativ və rahat çıxış əldə etməsinə, eyni zamanda idarəetmədə şəffaflığın və səmərəliliyin artırılmasına xidmət edir.
Milli Məclisin deputatı Vüqar Bayramov Demokrat.az-a bildirib ki, Rəqəmsal İnkişaf Şurasının ilk iclasında Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən ölkəmizdə rəqəmsal inkişafın və süni intellektin dəstəklənməsi ilə bağlı strateji istiqamətlər müəyyənləşdirilib.

“İclasda müzakirə olunan əsas məsələlərdən biri də rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illəri əhatə edən fəaliyyət planı oldu. Bu fəaliyyət planı həm rəqəmsal inkişafın, həm də süni intellektin geniş şəkildə dəstəklənməsini özündə ehtiva edir. Planın əsas xüsusiyyəti ondan ibarətdir ki, burada qlobal trendlər və çağırışlar, eləcə də Azərbaycandakı mövcud vəziyyət hərtərəfli təhlil edilib, hüquqi və strateji çərçivə ayrıca qiymətləndirilib. Qanunvericilik bazasının möhkəmləndirilməsi də əsas prioritet istiqamətlərdən biri kimi müəyyən olunub. Sənəddə rəqəmsal infrastrukturun formalaşdırılması və gücləndirilməsi, xüsusilə elektron hökumət və rəqəmsal xidmətlərin əhatə dairəsinin genişləndirilməsi əsas hədəflər sırasında yer alır”.
O deyib ki, innovasiya ekosisteminin inkişaf etdirilməsi də mühüm istiqamətlərdən biridir:
“Bu sahədə artıq müəyyən addımlar atılıb. Bakı, Sumqayıt, Naxçıvan və Gəncə şəhərlərində innovasiya mərkəzləri yaradılır, üç vençur fondu formalaşdırılıb. Bu təşəbbüslərin davamlı dəstəklənməsi xüsusi əhəmiyyət daşıyır. Fəaliyyət planı bütövlükdə iqtisadiyyatın strukturunun dəyişdirilməsini və rəqəmsal transformasiyanın sürətləndirilməsini hədəfləyir. Burada milli innovasiya ekosisteminin gücləndirilməsi, texnoloji sahibkarlığın inkişafı, rəqəmsal inkişaf üzrə vahid arxitekturanın formalaşdırılması, insan kapitalının inkişafı və xidmətlərin inteqrasiyası əsas prioritetlər kimi müəyyən edilib. Planın mühüm üstünlüklərindən biri nəticələrin ilkin, aralıq və yekun mərhələlər üzrə qruplaşdırılmasıdır”.
Deputat qeyd edib ki, bu yanaşma nəzərdə tutulan fəaliyyətlərin monitorinqi və qiymətləndirilməsini daha effektiv şəkildə həyata keçirməyə imkan verəcək:
“Fəaliyyətlər çərçivəsində insan kapitalının inkişafı, elm və təhsil sahəsində dəstəyin artırılması, dövlət məlumat hövzəsinin yaradılması, eləcə də dövlət informasiya ehtiyatları və sistemlərində formalaşan məlumatların vahid platformaya inteqrasiyası nəzərdə tutulur. Bu prosesin 2028-ci ilin iyun ayına qədər tamamlanması planlaşdırılır. Digər mühüm istiqamətlərdən biri isə kağızsız hökumət modelinə keçiddir. Bu, dövlət idarəçiliyində prosedurların və sənəd dövriyyəsinin tam elektronlaşdırılmasını nəzərdə tutur. Kağızsız hökumət modelinin 2028-ci ilin iyun ayından etibarən tətbiqi planlaşdırılır. Vətəndaşlar və sahibkarlar üçün xidmətlərin elektronlaşdırılması onların dövlət xidmətlərinə çıxış imkanlarını əhəmiyyətli dərəcədə genişləndirəcək. Bu isə həm sahibkarlığın inkişafına, həm də xidmətlərin əlçatanlığının artırılmasına mühüm töhfə verəcək.
Bütövlükdə, bu fəaliyyət planı iqtisadiyyatın diversifikasiyasına, innovativ sahələrin ümumi daxili məhsuldakı payının artmasına, xidmətlərin əlçatanlığının genişlənməsinə və idarəetmə sistemində çevikliyin artırılmasına imkan yaradacaq. Eyni zamanda, kiber təhlükəsizlik fəaliyyət planının əsas istiqamətlərindən biri kimi xüsusi yer tutur. Bu sahədə fəaliyyətin təkmilləşdirilməsi və təhlükəsizlik mexanizmlərinin gücləndirilməsi üçün praktiki addımların atılması nəzərdə tutulur. Xüsusilə inteqrasiya prosesləri ilə paralel şəkildə kiber təhlükəsizlik tədbirlərinin gücləndirilməsi planın vacib komponentlərindən biri kimi öz əksini tapıb”.


