İstirahət üçün Qəbələ və Quba kimi daxili turizm məkanları ilə yanaşı, Gürcüstan və Türkiyə daha çox üstünlük verilən istiqamətlərə çevrilib. Bu tendensiyanın arxasında həm qiymət, həm xidmət səviyyəsi, həm də ümumi turizm təcrübəsi ilə bağlı fərqli gözləntilər dayanır. Bəs bu seçimlərin əsas səbəbi nədir?
Mövzu ilə bağlı turizm eksperti Ceyhun Aşurov Demokrat.az-a bildirib ki, Azərbaycan vətəndaşları həm Qəbələ və Quba kimi ölkədaxili istiqamətlərə, həm də Gürcüstan, Türkiyə, Avropa və Uzaq Şərq ölkələrinə səfər edirlər:
"Ümumilikdə, vətəndaşların ən azı yarısı il ərzində ölkə daxilində və ya xaricə səyahət edir. Keçən il iki milyondan çox azərbaycanlı xaricə səfər edib. Ola bilər ki, xarici səfərlər insanlara daha maraqlı görünür. Çünki daxili və xarici səfərləri müqayisə etdikdə, xarici istiqamətlərdə alternativlər, xidmət növləri və seçim imkanları daha çoxdur. Buna görə də bəzi insanlar qiymətlər eyni olduqda, hətta nəqliyyat xərcləri nəzərə alındıqda xarici səfərlər müəyyən qədər baha başa gəlsə belə, yenə də xaricə səyahətə üstünlük verirlər".
Ekspert deyib ki, vətəndaşlarımızın ən çox üstünlük verdiyi istiqamətlər qonşu ölkələrdir:
"Məsələn, hər on nəfərdən dördü Türkiyəyə səfər edir. İlk yerdə Türkiyə gəlir. Türkiyə turizm baxımından cəlbedici ölkədir. Ondan sonra isə Gürcüstan və Rusiya gəlir. Sərhədyanı ölkələrə səfər edənlərin sayı daha çoxdur.
Bunun əsas səbəbi məhsul və xidmət çeşidinin daha geniş olması, insanların ödədikləri vəsait müqabilində daha müxtəlif xidmətlər əldə edə bilmələridir. Bu baxımdan xarici səfərlər daha cəlbedici hesab olunur və adətən istirahət məqsədilə daha uzunmüddətli olur. Ölkədaxili səfərlərdə isə qohum və dost ziyarətlərindən başqa, digər səfərlər əsasən üç-dörd gün davam edir", - deyə o qeyd edib.


