Kriminal Özəl

"Bu qərar təhsil göstəricilərinin yüksəlməsinə xidmət edəcək"

Bu qərar təhsil göstəricilərinin yüksəlməsinə xidmət edəcək

Məktəbəqədər hazırlıq qruplarında və ümumi təhsil müəssisələrində mobil və digər elektron cihazlardan istifadəyə dair qaydaların təsdiqlənməsi təhsil mühitində nizam-intizamın gücləndirilməsi, şagirdlərin diqqətinin dərs prosesinə yönəldilməsi və rəqəmsal texnologiyalardan daha səmərəli istifadənin təmin olunması baxımından mühüm addım kimi qiymətləndirilir. Yeni qaydaların tətbiqinin həm tədris keyfiyyətinə, həm də şagirdlərin sosial və psixoloji inkişafına müsbət təsir göstərə biləcəyi bildirilir.

Təhsil eksperti Elçin Əfəndi mövzu ilə bağlı Demokrat.az-a bildirib ki, belə bir qərarın qəbul edilməsi mühüm əhəmiyyət daşıyır:

Bu qərar təhsil göstəricilərinin yüksəlməsinə xidmət edəcək

“Çünki son dövrlərdə müşahidə edirik ki, şagirdlər auditoriyada mobil telefondan istifadə etdikdə onların diqqəti dərsin gedişatından yayınır və nəticə etibarilə təhsil göstəriciləri aşağı düşür. Xüsusilə qeyd etmək lazımdır ki, bu cür qərarlar təkcə bizim ölkədə deyil, təhsil göstəriciləri yüksək olan bir çox ölkələrdə də artıq tətbiq olunmağa başlanıb. Buraya həm MDB məkanına daxil olan dövlətlər, həm də bir sıra türkdilli ölkələr daxildir. Bu qərarın ölkəmizdə də tətbiq olunması şagirdlərin təhsil göstəricilərinə müsbət təsir göstərəcək. Növbəti tədris ilindən etibarən şagirdlər dərs zamanı auditoriyada mobil telefonlardan, eləcə də digər elektron cihazlardan istifadə edə bilməyəcəklər”.

O diqqətə çatdırıb ki, buraya ağıllı saatlar, planşetlər və digər oxşar avadanlıqlar da daxildir:

“Yalnız zəruri hallarda, ehtiyac yarandıqda, məktəbin öz texniki avadanlıqlarından istifadə mümkün olacaq. Məsələn, dərsin proyektor və ya kompüter vasitəsilə izahı həyata keçirilə bilər. Lakin bu proses yalnız təhsil verən tərəfindən idarə olunmalı və məktəbin avadanlıqları vasitəsilə aparılmalıdır. Şagirdlərin şəxsi elektron cihazlarının dərs prosesində istifadəsi isə məhdudlaşdırılır. Bir daha vurğulamaq istəyirəm ki, bu qərar təhsil göstəricilərinin yüksəlməsinə və dərs prosesinin daha səmərəli təşkilinə xidmət edəcək”.

Leyla Turan

D
demokrat.az