Günəşin doğuşunu və batışını izləmək təkcə təsirli mənzərə təqdim etmir. Araşdırmalara görə, bu təbii anlar narahatlığın azalması, yaddaşın dəstəklənməsi və yuxu rejiminin yaxşılaşması ilə əlaqələndirilir. Mütəxəssislər bildirirlər ki, bu təsirin əsasında insanda yaranan heyranlıq hissi dayanır.
Demokrat.az xəbər verir ki, BBC-nin məlumatına görə, günəşin doğuşunu və batışını izləmək insanın psixoloji və fiziki sağlamlığına müsbət təsir göstərə bilər.
Tədqiqatlar göstərir ki, bu təbii mənzərələr narahatlıq və depressiya əlamətlərinin azalması, yaddaş və yaradıcılığın güclənməsi, eləcə də yuxu keyfiyyətinin yaxşılaşması ilə əlaqələndirilir.
Arizona Dövlət Universitetinin professoru Mişel Şiota qeyd edir ki, heyranlıq hissi psixi sağlamlıq baxımından mühüm rol oynayır. Onun sözlərinə görə, bu hiss insanlara gündəlik həyatda böyük görünən problemlərin düşündükləri qədər ciddi olmaya biləcəyini dərk etməyə kömək edir.
Mütəxəssislərin fikrincə, təsirli gün batımını izləmək stress səviyyəsinin azalması, yaddaşın yaxşılaşması və insanların daha mərhəmətli, xeyirxah və anlayışlı davranışlar nümayiş etdirməsi ilə əlaqələndirilə bilər.
Toronto Universitetinin alimi Cennifer Stellar da bildirir ki, günəşin doğuşu və batışı insanlarda güclü heyranlıq hissi yaradır.
Onun araşdırmasına əsasən, bu kimi müsbət emosiyaları daha tez-tez yaşayan insanlarda iltihab prosesləri ilə əlaqəli bəzi sitokinlərin səviyyəsi daha aşağı ola bilər.
Alim vurğulayır ki, bəzi iltihab sitokinlərinin yüksək səviyyəsi xroniki iltihab prosesləri ilə əlaqələndirilir və bu vəziyyət şəkərli diabet, ürək-damar xəstəlikləri, eləcə də depressiya riskinin artması ilə əlaqəli hesab olunur.
Bu səbəbdən mütəxəssislər hesab edirlər ki, hər gün bir neçə dəqiqə günəşin doğuşunu və ya batışını izləmək emosional rifahın və ümumi sağlamlığın dəstəklənməsinə töhfə verə bilər.
Jalə Demokrat.az


