İqtisadiyyat Özəl

Bu mallar artıq Azərbaycana buraxılmayacaq — Açıqlama

Bu mallar artıq Azərbaycana buraxılmayacaq — Açıqlama

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Gömrük Məcəlləsinə təklif edilən dəyişiklik müzakirəyə çıxarılıb. Layihəyə əsasən, dövlətin maraqlarının mühafizəsinə yönəlmiş məcburi tələblərə cavab verməyən malların ölkəyə idxalının qarşısı alınacaq. Təklif olunan qanun layihəsi ölkəyə idxal olunan qeyri-qida istehlak mallarının təhlükəsizlik göstəricilərinə görə texniki reqlamentlərin tələblərinə uyğunluğunu təsdiq edən uyğunluq sertifikatı, bəyannamə və ya tanınmış xarici mənşəli uyğunluq sənədləri ilə müşayiət olunmasını nəzərdə tutur.

Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Demokrat.az-a bildirib ki, Azərbaycana daxil olan yeni bizneslər, xüsusilə mürəkkəb texniki cihazlar və avtomobil satışı ilə məşğul olan şirkətlər mütləq şəkildə servis xidməti və ehtiyat hissələri ilə təminat yaratmalıdır:

Bu mallar artıq Azərbaycana buraxılmayacaq — Açıqlama

“Məsələn, Çin avtomobillərinin servis xidməti hazırda çox zəif vəziyyətdədir. Ehtiyat hissələrinin təminatında ciddi problemlər var, bir çox hallarda zəruri hissələri tapmaq çətinləşir. Eyni problem digər mürəkkəb texniki vasitələrdə də müşahidə olunur. Hər hansı bir cihaz ölkəyə gətirilir, lakin onun servis xidməti Azərbaycanın bütün ərazisini əhatə etmir. Məsələn, Xaçmazda yaşayan şəxs paltaryuyan maşın alırsa və həmin cihaz xarab olarsa, onu təmir üçün Bakıya gətirməyə məcbur qalır. Bu isə əlavə xərc deməkdir və istehlakçılar üçün ciddi narahatlıq yaradır”.

O qeyd edib ki, digər mühüm məsələ isə keyfiyyətsiz malların Azərbaycana idxalıdır:

“Bu da kifayət qədər ciddi problemdir. Əgər bu istiqamətdə tədbirlər görülsə, şübhəsiz ki, istehlakçıların xeyrinə mühüm addım atılmış olar. Uzun müddət Azərbaycanda Nazirlər Kabinetinin 343 saylı qərarı qüvvədə idi. Həmin qərar məcburi sertifikatlaşdırılan malların siyahısını müəyyən edirdi. Başqa sözlə, standartlara uyğun olmayan malların bazara çıxışına icazə verilmirdi. Lakin bu qərar artıq 15 ildən çoxdur ki, ləğv olunub. Nəticədə Azərbaycan bazarına sertifikatlaşdırılmamış, standartlara cavab verməyən müxtəlif mallar daxil olur. Bu mallara qızıl məmulatlarından tutmuş armatura, mürəkkəb texniki avadanlıqlar, uşaq oyuncaqları və digər məhsullar daxildir. Əgər bu sahədə yenidən ciddi nəzarət mexanizmləri tətbiq olunarsa, bazar daha etibarlı şəkildə qorunar və istehlakçıların məmnunluğu da əhəmiyyətli dərəcədə artar”.

Qeyd edək ki, layihəyə əsasən, Azərbaycan ərazisinə idxal edilən qeyri-qida istehlak mallarına tətbiq edilən rejimin yerli və ya digər ölkə mənşəli oxşar mallara tətbiq edilən rejimlə eyniliyi təmin edilməklə rəqabət mühiti qorunacaq, yerli istehsal dəstəklənəcək, idxalda texniki reqlamentlərə, yəni insanların həyat və ya sağlamlığının, ətraf mühitin, əmlakın və dövlətin maraqlarının mühafizəsinə yönəldilmiş məcburi tələblərə cavab verməyən malların ölkəyə daxil olmasının qarşısı alınacaq.

Leyla Turan

D
demokrat.az