Kriminal Özəl

"Arvadımı təhqir etdi, yaba ilə döydüm"

Arvadımı təhqir etdi, yaba ilə döydüm

Yevlax rayonunda həmkəndlilər arasında yaranan mübahisə cinayətlə nəticələnib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən il iyulun 12-də baş verib. 1985-ci il təvəllüdlü İslam həmin gün saat 21 radələrində həmkəndlisi Vüqarın (adlar şərtidir – red.) guya əvvəllər onun barəsində xoşagəlməz sözlər deməsini bəhanə edərək yaşadığı evdən təsərrüfatda istifadə olunan yaba götürüb Vüqarın ticarətlə məşğul olduğu, Bakı–Zaqatala–Balakən magistral avtomobil yolunun kənarında, Yevlax rayonunda yerləşən kəndin ərazisindəki ərzaq məhsulları marketinin qarşısına gəlib.

İslam marketin açıq olan qapısından içəri daxil olub və marketdə müştəri ilə söhbət edən Vüqara yaxınlaşaraq yabanın dəmir hissəsi ilə onun baş nahiyəsinə qəsdən üç dəfə zərbə vurub.

Daha sonra marketdəki piştaxtanın üzərində satış üçün nəzərdə tutulmuş, hər birinin qiyməti 4 manat olmaqla ümumilikdə 28 manat dəyərində 7 ədəd 0,5 kiloqramlıq Şəki halvasını, hər birinin qiyməti 3 manat olmaqla ümumilikdə 30 manat dəyərində 10 ədəd 0,3 kiloqramlıq Şəki şirniyyatını, hər birinin qiyməti 3 manat olmaqla ümumilikdə 30 manat dəyərində 10 ədəd 0,4 kiloqramlıq bamiyə şirniyyatını, eləcə də bir kiloqramı 3,5 manat olmaqla ümumilikdə 14 manat dəyərində 4 kiloqram bananı əlindəki yaba ilə vuraraq yararsız vəziyyətə salıb. Nəticədə zərərçəkmiş şəxsə ümumilikdə 102 manat məbləğində ziyan vurub.

İstintaq orqanı tərəfindən İslamın barəsində Cinayət Məcəlləsinin 127.2.3-cü (ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma) və 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddələri ilə ittiham elan edilib.

İş üzrə ifadə verən İslam ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, zərərçəkmiş Vüqarı uzun illərdir tanıyır:

“Əvvəllər Vüqarla yanaşı mağaza işlətmişəm və münasibətlərimiz yaxşı olub, aramızda narazılıq olmayıb. Təxminən hadisədən 1 il 6 ay əvvəl Vüqarın qardaşı Məhəmmədlə aramızda torpaq üstündə münaqişə yarandı. Həmin münaqişə zamanı Məhəmməd mənə bıçaqla xəsarət yetirdi. Həmin hadisə ilə bağlı mənim şikayətim əsasında Məhəmmədin barəsində cinayət işi başlandı”.

Təqsirləndirilən şəxs bildirib ki, 2025-ci ilin may ayında Vüqarın Xaldan kəndində yerləşən digər mağazasının qarşısında olarkən də aralarında mübahisə baş verib:

“Mübahisə zamanı Vüqar həyat yoldaşımın ünvanına nalayiq ifadələr işlədərək onu təhqir etdi. Mən də qarşılıqlı olaraq onu təhqir etdim. Bundan sonra Vüqara qarşı nifrətim yarandı və ondan qisas almaq qərarına gəldim”.

İslamın ifadəsinə görə, 2025-ci il iyulun 12-də axşam saatlarında yaşadığı evin həyətindən təsərrüfatda istifadə etdiyi bir ədəd yabanı götürərək Vüqara məxsus marketə daxil olub:

“Bundan sonra əlimdəki yabanın dəmir hissəsi ilə Vüqarın baş nahiyəsinə üç dəfə var gücümlə zərbə vurdum. Marketdən çıxanda orada olan, adını bilmədiyim müştəri də mənimlə birlikdə çölə çıxdı. Sonra onun hara getdiyini bilmədim. Daha sonra evimə qayıtdım”.

Yevlax Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxsin əməli Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsindən həmin Məcəllənin 127.1-ci maddəsinə tövsif edilib.

“Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin 19 dekabr 2025-ci il tarixli qərarının 5.1-ci bəndi tətbiq olunaraq təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib və iş üzrə icraata xitam verilib. Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ona qarşı irəli sürülən ittiham üzrə təqsiri sübuta yetirilmədiyindən isə ona bəraət verilib.

Fariz Məlikli

D
demokrat.az