Elektrik avtomobilləri getdikcə daha çox yayılır. Ancaq bu avtomobillərin təmir xərclərinin daxiliyanma mühərrikli avtomobillərlə müqayisədə daha yüksək olması sürücüləri düşündürən əsas məsələlərdən biridir. Bəs elektrik avtomobillərinin təmiri niyə daha bahalıdır və bu xərclərə hansı amillər təsir edir?
Mövzu ilə bağlı avtomobil eksperti Elşad Mirzəyev Demokrat.az-a bildirib ki, elektrik avtomobillərinin təmirinin baha başa gəlməsinin əsas səbəblərindən biri Azərbaycanda bu sahə üzrə ixtisaslı mütəxəssislərin sayının az olmasıdır:
"Bu avtomobillər daxiliyanma mühərrikli nəqliyyat vasitələrindən fərqli texnologiyaya malik olduğuna görə onların diaqnostikası və təmiri xüsusi bilik, təcrübə və avadanlıq tələb edir. Məhz buna görə də təmir prosesi daha mürəkkəb və bahalı olur.
Digər mühüm səbəb isə ehtiyat hissələrinin qiymətidir. Elektrik avtomobilləri bazarı hələ nisbətən yeni formalaşdığı üçün bir çox detal, xüsusilə batareya, elektron idarəetmə modulları və digər əsas komponentlər yüksək qiymətə satılır. Bu hissələrin əksəriyyəti xaricdən gətirildiyindən logistika və idxal xərcləri də qiymətə əlavə olunur. Nəticədə həm ehtiyat hissələrinin, həm də təmir xidmətinin dəyəri daxiliyanma mühərrikli avtomobillərlə müqayisədə daha yüksək olur", - deyə o qeyd edib.


