Oteldə qalan insanların əksəriyyəti otaqdakı elektrik çaydanını təhlükəsiz məişət avadanlığı hesab edir. Bir fincan çay və ya qəhvə hazırlamaq üçün istifadə olunan bu cihazın bəzi hallarda gözlənilməz risklər daşıya biləcəyi bildirilir.
Demokrat.az xəbər verir ki, səyahət ekspertləri otel otaqlarında yerləşən elektrik çaydanlarından istifadə zamanı ehtiyatlı olmağı tövsiyə edirlər.
Mütəxəssislərin sözlərinə görə, otel əməkdaşları otaqları mütəmadi təmizləsələr də, elektrik çaydanlarının daxili hissəsi hər zaman dərin dezinfeksiya olunmur. Bu səbəbdən cihazın içərisində əhəng qalıqları, çirk və digər arzuolunmaz çöküntülər toplana bilər.
Bundan əlavə, sosial şəbəkələrdə və müxtəlif səyahət forumlarında bəzi qonaqların çaydandan yalnız su qaynatmaq üçün istifadə etmədiyi barədə iddialar da yayılıb. Bəzi istifadəçilər bu cihazlardan qida qızdırmaq və digər məqsədlər üçün istifadə etdiklərini bildiriblər.
Məhz buna görə ekspertlər elektrik çaydanından istifadə etməzdən əvvəl onun vəziyyətini yoxlamağı və mümkün olduqda cihazı bir dəfə təmiz su ilə qaynadaraq boşaltmağı tövsiyə edirlər.
Səyahət mütəxəssisləri bildirirlər ki, otellərin böyük əksəriyyətində gigiyena qaydalarına riayət olunsa da, məişət avadanlıqlarından istifadə zamanı əlavə diqqət göstərilməsi təhlükəsizlik baxımından vacib hesab edilir.
Xüsusilə tez-tez səyahət edən şəxslərə şəxsi termos və ya portativ su qızdırıcılarından istifadə məsləhət görülür.
Jalə Demokrat.az


