Bakının Nizami rayonunda 33 yaşlı kişi qeyri-rəsmi münasibətdə olduğu qadını döyüb.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə onların birgə yaşadıqları mənzildə baş verib. 1993-cü il təvəllüdlü İsmayıl qeyri-rəsmi nikah münasibətində olduğu və birgə yaşadığı Nəsibə (adlar şərtidir – red.) ilə mübahisə edib.
Bu zaman İsmayıl Nəsibəni qısqandığı üçün onun mobil telefonuna baxış keçirmək istəyib. Amma qadının buna etiraz etməsi səbəbindən aralarında mübahisə yaranıb.
Mübahisə zamanı İsmayıl qəsdən yumruqla Nəsibənin sifətinə və bədəninin digər nahiyələrinə, plastik boru ilə isə sağ və sol bud nahiyələrinə zərbələr vurub.
Faktla bağlı İsmayılın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Bu işə Nizami Rayon Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkmişlə barışıb. Bu səbəbdən də zərərçəkmiş ona qarşı şikayətini geri götürüb.
Məhkəmənin hökmü ilə İsmayılın barəsində olan cinayət təqibinə xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.


