Kriminal Özəl

"Məhsul" stadionunda ustalar arasında dava düşdü — Niyə müştəridən pul aldın

Məhsul stadionunda ustalar arasında dava düşdü — Niyə müştəridən pul aldın

Bakının Yasamal rayonunda ustalar arasında yaranan mübahisə cinayətlə nəticələnib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Yasamal rayonunun H.Zərdabi küçəsində yerləşən “Məhsul” stadionunun həyətində baş verib.

1990-cı il təvəllüdlü Əsəd orada tanışı Aqillə mübahisə edib. Mübahisəyə səbəb Aqilin onun yerinə müştəridən pul alması olub. Aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranan mübahisə zamanı Əsəd əsəbiləşərək Aqilin sol üz nahiyəsinə bir yumruq zərbəsi vurub.

Faktla bağlı Əsədin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Bu cinayət işinə Yasamal Rayon Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkmişə dəymiş ziyanı ödəyib, onunla barışıq əldə edib.

Bu səbəbdən də zərərçəkmiş ona qarşı olan şikayətini geri götürüb və onu bağışlayıb. Bu halları nəzərə alan hakim təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmayıb. Məhkəmənin hökmü ilə Əsədin barəsində olan cinayət təqibinə xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.

Fariz Məlikli

D
demokrat.az