Sosial Özəl

"Diplomun "qızıl dövrü" başa çatır, "bacarıq dövrü" başlayır"

Diplomun qızıl dövrü başa çatır, bacarıq dövrü başlayır

Əmək bazarında ali təhsildən daha çox praktiki bacarıqlar, təcrübə və çevik uyğunlaşma qabiliyyəti tələb olunur. Bir çox işəgötürən namizədləri artıq yalnız diplomuna görə deyil, real bilik və bacarıqlarına əsasən qiymətləndirir. Bəs bu tendensiya ali təhsilin nüfuzunun azalması deməkdir, yoxsa əmək bazarında yeni tələblərin formalaşdığını göstərir?

Mövzu ilə bağlı təhsil eksperti Şəmsi Qoca Demokrat.az-a bildirib ki, bu gün dünyada, xüsusən də bizim cəmiyyətdə təhsil və karyera haqqında təsəvvürlər köklü şəkildə dəyişir:

"Bu məsələyə həm fəlsəfi, həm də praktik prizmadan baxmaq lazımdır. Əvvəllər ali təhsil diplomu uğurlu gələcəyin və sabit işin yeganə açarı sayılırdı. İndi isə diplom bir çox hallarda sadəcə "giriş bileti" rolunu oynayır. Rəqəmsallaşma və bazarın çevikliyi işəgötürənləri daha çox namizədin nə bildiyinə deyil, nəyi bacardığına və problemi necə həll etdiyinə baxmağa məcbur edir. Bir çox qlobal texnologiya şirkətləri (Google, Apple, Tesla) artıq namizədlərdən mütləq ali təhsil diplomu tələb etmir, onları praktiki testlərə cəlb edirlər".

Ekspert deyib ki, uğur qazanmağın yolu "öyrənməyi öyrənmək" qabiliyyətindən keçir:

"Bilik sürətlə köhnəlir, lakin bacarıqlar daha uzunmüddətlidir.

Texniki bacarıqlar, süni intellekt alətlərindən istifadə, məlumatların analizi, rəqəmsal marketinq, xarici dillər vacib sayılır.

İnsan bacarıqlar olan tənqidi düşüncə, emosional intellekt, yaradıcılıq, komandada işləmək və uyğunlaşma qabiliyyəti tələb olunur.

Süni intellekt dövründə maşınların yerinə yetirə bilmədiyi – yəni "insani" olan hər şey ən yüksək dəyərə malikdir. Diplomun nüfuzunun azalması onun tamamilə lazımsız olması demək deyil. Diplom, insanın sistemli təhsil almaq, intizam və müəyyən bir mövzuda dərinləşmək bacarığını təsdiqləyir. Əsl uğur isə bu iki komponentin birləşməsindədir.

Təcrübə göstərir ki, insan heç vaxt öyrənməyi dayandırmır. İndi diplomlar yerinə mikro-sertifikatlar, onlayn kurslar və real layihələr (portfolio) önə keçib. İnsanlar illərlə eyni peşəni icra etmək əvəzinə, həyatları boyu bir neçə dəfə peşə dəyişməyə hazır olmalıdırlar.

Bir sözlə, Diplomun "qızıl dövrü" başa çatır, "bacarıq dövrü" başlayır. Artıq soruşulan əsas sual "Harada oxumusan?" deyil, "Nə edə bilirsən?" və "Bu gün hansı dəyəri yaradırsan?" sualıdır" , - deyə o qeyd edib.

Əfsanə Kamal

D
demokrat.az