Turizm Özəl

Ölkədə "wellness" turizm növü ilə bağlı vəziyyət nə yerdədir?

Ölkədə wellness turizm növü ilə bağlı vəziyyət nə yerdədir?

İnsanlar artıq yalnız dincəlmək üçün deyil, həm də sağlamlaşmaq və bərpa olunmaq üçün səyahət edirlər. Bu tendensiya “wellness turizmi” kimi tanınır və dünya üzrə sürətlə inkişaf edir. Azərbaycanda isə təbii resurslar, müalicəvi mineral sular və sanatoriya imkanları bu sahənin inkişafı üçün geniş potensial yaradır. Bu turizm növü ölkəmizdə harada və hansı istiqamətlərdə daha güclü şəkildə inkişaf edə bilər?

Mövzu ilə bağlı turizm eksperti Rahib İsmayılov Demokrat.az-a bildirib ki, sağlamlıq turizmi üçün Azərbaycanda kifayət qədər resurslar var:

"Sadəcə olaraq, bunun daha geniş tətbiqi üçün xüsusi dövlət proqramına ehtiyac var. Bu gün bəzi bölgələrdə, xüsusilə Naftalanda, Bakının Mərdəkan və Bilgəh ərazilərində sanatoriyalar fəaliyyət göstərir. Lənkəranda da bu sahədə sanatoriyalar mövcuddur. Ümumilikdə ölkənin müxtəlif yerlərində fərqli təyinatla fəaliyyət göstərən sanatoriya və sağlamlıq mərkəzləri var.

Lakin onların daha geniş və kütləvi xarakter alması üçün dövlət tərəfindən xüsusi proqramların həyata keçirilməsi və bu xidmətlərin xarici ölkələrdə daha fəal tanıdılması vacibdir. İlk növbədə xaricdə təşkil olunan sağlamlıq turizmi üzrə sərgilərdə və fuarlarda bu sanatoriyaların təqdimatı və tanıtımı aparılmalıdır".

Ekspert deyib ki, hazırda həmin sanatoriyalara, əsasən, Rusiya və bəzi MDB ölkələrindən az sayda turist gəlir:

"Amma bu imkanları daha geniş auditoriyaya çatdırmaq üçün beynəlxalq səviyyədə tanıtım işləri gücləndirilməlidir. Çünki bir çox xarici ölkə vətəndaşları bu imkanlar barədə kifayət qədər məlumata malik deyil. Bundan əlavə, həmin məkanlarda daha müasir infrastrukturun qurulması, xidmət səviyyəsinin yüksəldilməsi və müalicə prosedurlarının müasir standartlara uyğun təşkili vacibdir. Bunun üçün həm peşəkar kadrların hazırlanmasına, həm də müasir avadanlıqların təmin olunmasına ehtiyac var. Bu məqsədlə müəyyən vəsaitlərin ayrılması da mühüm rol oynaya bilər. Bundan sonra isə effektiv təqdimat və tanıtım kampaniyaları ilə xarici turistlərin ölkəyə cəlb edilməsi mümkündür.

Ümumilikdə, sağlamlıq turizminin inkişafı üçün Azərbaycanda ciddi potensial mövcuddur. Naftalan və Bakıdakı sanatoriyalarla yanaşı, Lənkəranda fəaliyyət göstərən müasir sağlamlıq və spa mərkəzləri də bu sahədə önəmli rol oynayır. Bu tip obyektlərin inkişaf etdirilməsi və daha yüksək səviyyəyə qaldırılması prioritet istiqamət olmalıdır",- deyə o qeyd edib.

Əfsanə Kamal

D
demokrat.az