Cəmiyyət Özəl

"Təhsilli xanımlar arasında ailə qurma müddətinin uzanması daha çox diqqət çəkir"

Təhsilli xanımlar arasında ailə qurma müddətinin uzanması daha çox diqqət çəkir

Müasir dövrdə karyera qurmaq, maddi sabitlik əldə etmək və peşəkar uğur qazanmaq istəyi bir çox insanın şəxsi həyat seçimlərinə də təsir göstərir. Xüsusilə böyük şəhərlərdə gənclərin ailə qurma yaşını gecikdirməsi, övlad sahibi olmağa tələsməməsi və fərdi inkişafı prioritet seçməsi artıq daha çox müşahidə olunur. İqtisadi çətinliklər, yüksək yaşayış xərcləri, mənzil problemi və iş həyatındakı rəqabət insanları ailə planlamasında daha ehtiyatlı davranmağa vadar edir. Bəzi hallarda isə karyera hədəfləri ailə qurmaq qərarını uzun müddət təxirə salır.

Məsələ ilə bağlı sosioloq Naib Niftəliyev Demokrat.az-a bildirib ki, karyera qurmaq istəyi, təbii ki, ailə münasibətlərinə bu və ya digər formada təsir göstərir:

“Əgər insanın maddi maraqları ilə ailə qurmaq hədəfləri toqquşursa, bu halda bəziləri ailəni, bəziləri isə karyeranı seçirlər. Son dövrlərdə maddi-iqtisadi çətinliklərlə bağlı insanların seçimi daha çox əmək münasibətləri və karyera istiqamətində olur. İnsanlar əvvəlcə peşə sahibi olmaq, özünü təsdiqləmək, həyatda müəyyən mövqe qazanmaq, yaşayış şəraitini möhkəmləndirmək və maddi imkanlarını yaxşılaşdırmaq istəyirlər. Bundan sonra ailə qurmağa üstünlük verirlər. Bu yanaşma da müəyyən mənada başa düşüləndir. Çünki iqtisadi təminat məsələsi son dövrlərdə daha aktual xarakter alıb. Əhalinin yaşlanması prosesi isə artıq qlobal tendensiyaya çevrilib. Müəyyən istisnalar olsa da, ümumilikdə insanlar qarşılarına daha böyük tələblər və hədəflər qoyurlar. Bu səbəbdən bəzi insanlar ailədən daha çox karyeranı seçirsə, bu, cəmiyyət tərəfindən qəbul edilən və başa düşülən yanaşmadır.

Təhsilli xanımlar arasında ailə qurma müddətinin uzanması daha çox diqqət çəkir

Bununla yanaşı, maddi imkanları kifayət qədər olan şəxslərin həm ailə həyatını, həm də karyeranı paralel şəkildə davam etdirmək imkanları daha genişdir. Bu hal xüsusilə gənclər arasında da müşahidə olunur. Elə gənclər var ki, ailə qurmaqla yanaşı təhsil alır, xaricdə oxuyur və ya həyat yoldaşı ilə birlikdə ortaq təhsil və inkişaf hədəfləri müəyyənləşdirirlər. Bu baxımdan ailə və karyeranı tam şəkildə qarşı-qarşıya qoymaq doğru yanaşma deyil”.

O qeyd edib ki, bu tendensiya əhalinin təbii artımına kəskin təsir göstərən əsas faktor sayılmır:

“Sadəcə müəyyən hallarda qismən təsirlər müşahidə oluna bilər. Xüsusilə təhsilli xanımlar arasında ailə qurma müddətinin uzanması daha çox diqqət çəkir. Onların seçimləri, həyat prioritetləri və münasibətləri illər ərzində dəyişə bilir. Oğlanlar da bu baxımdan istisna deyil. Sadəcə yanaşmalarda müəyyən fərqlər müşahidə olunur. Kişilər daha çox gəlir qazanmağa və iş həyatında mövqe əldə etməyə fokuslanırsa, xanımların hədəflərində təhsil və şəxsi inkişaf amili daha qabarıq görünür. Ümumilikdə isə maraqlar dəyişmir. Sadəcə təhsil və karyera ailə qurmaq və nikaha daxil olmaq müddətini müəyyən qədər gecikdirir. Bu proses tarixən mövcud olub və son yüzillikdə daha qabarıq şəkildə formalaşıb. Ailə və karyera hədəfləri arasında təxminən 40 faizlik kəsişmə və ya müəyyən toqquşma mövcuddur. Bu da bəzi insanlarda ailə qurma prosesinin gecikməsinə səbəb ola bilər. Halbuki həmin şəxslər karyera qurmasalar belə, normal ailə həyatı qurmaq imkanına sahib ola bilərlər. Lakin daha ciddi məqsədlərə fokuslanmaları onları fərqli seçim etməyə sövq edir. Bu isə daha çox qlobal sosial və iqtisadi tendensiyaların təsiri kimi qiymətləndirilir”.

Sosioloq hesab edir ki, ailə və karyeranı bir-birinə mane olan amillər kimi təqdim etmək doğru deyil:

“İnsan düzgün həyat modeli qurduqda, tərəflər bir-birini anlayanda bu istiqamətdə ciddi problemlər yaranmır. Əsas problem iqtisadi çətinliklər, maddi imkanların məhdudluğu və iş imkanlarının zəifləməsi ilə bağlıdır. Çünki karyera planlarının uğursuz olması ailə münasibətlərinə də təsir göstərə bilir. Bu baxımdan ailə və karyera arasında qarşılıqlı asılılıq olsa da, onları bir-birinə alternativ kimi təqdim etmək düzgün yanaşma hesab olunmur. Çünki insan həm ailəyə, həm də şəxsi inkişaf və karyeraya eyni dərəcədə ehtiyac duyur”.

Leyla Turan

D
demokrat.az