Son illər boşanma hallarının artması təkcə sosial münasibətlərə deyil, iqtisadi sahələrə də təsirsiz ötüşmür. Xüsusilə mənzil bazarında müşahidə olunan dəyişikliklər fonunda ailələrin bölünməsi yeni yaşayış ehtiyaclarının yaranmasına səbəb olur. Boşanmalardan sonra ayrı-ayrı yaşayış sahələrinə tələbatın artması kirayə və satış bazarında müəyyən təsirlər formalaşdırır. Ailələrin parçalanması nəticəsində bir ev əvəzinə iki fərqli yaşayış məkanına ehtiyac yaranır ki, bu da xüsusilə böyük şəhərlərdə mənzil tələbatına təsir edən amillərdən biri sayılır. Eyni zamanda, sosial və iqtisadi çətinliklər səbəbindən daha kiçik və münasib qiymətli mənzillərə marağın artdığı bildirilir.
Mövzu ilə bağlı Demokrat.az-a danışan daşınmaz əmlak və inşaat üzrə ekspert Elnur Azadov bildirib ki, bu məsələ ilə bağlı konkret statistika yoxdur, ona görə də boşanmaların mənzil bazarına təsirini dəqiq rəqəmlərlə ifadə etmək çətindir:

“Amma mən məsələyə daha qlobal prizmadan yanaşardım. Əsas sual budur ki, niyə evlənə bilməyənlərin sayı ildən-ilə artır? Bunun əsas səbəblərindən biri mənzil probleminin artıq qlobal xarakter almasıdır. Daşınmaz əmlaka əlçatanlıq əvvəlki illərlə müqayisədə xeyli çətinləşib. Son 4-5 il ərzində mənzil qiymətləri təxminən 70 faizə qədər bahalaşıb. Eyni zamanda, ölkədə kredit imkanları, xüsusilə tikinti şirkətlərinin təqdim etdiyi daxili kredit şərtləri daha da sərtləşib. Bunun səbəblərindən biri də tikinti şirkətləri arasında rəqabətin zəifləməsidir. Rəqabətin azalması həm qiymət artımına, həm də kredit şərtlərinin ağırlaşmasına gətirib çıxarıb. Nəticədə isə ən çox əziyyət çəkən tərəf ailə qurmaq istəyən gənclər olur”.
O deyib ki, hətta artıq formalaşmış ailələr belə uzun illər kirayədə yaşamağa məcbur qalırlar və bu vəziyyətdən çıxış yolu tapmaqda çətinlik çəkirlər:
“Dövlət tərəfindən təqdim olunan ipoteka və digər dəstək mexanizmləri isə bazardakı tələbatın yalnız çox kiçik bir hissəsini qarşılaya bilir. Bütün bunların fonunda mənzil problemi ildən-ilə daha da dərinləşir və sosial xarakter almağa başlayır. Qiymətlərin yüksək olması digər tərəfdən qanunsuz tikililərin artmasına da şərait yaradır”.


