Müasir kondisionerlər yaranmazdan çox əvvəl insanlar yay istisində sərinləmək üçün müxtəlif sadə, lakin effektiv üsullardan istifadə edirdilər.
Demokrat.az xəbər verir ki, bu barədə "Business Insider" nəşri yazıb.
Məqalədə qeyd olunur ki, havanın soyudulması üçün ilk mexaniki sistemlər XX əsrin əvvəllərində mövcud olsa da, onlar bahalı olduğundan geniş istifadə olunmurdu. Buna görə də insanlar min illər boyu buz, sərin içkilər, əl yelpikləri və digər ənənəvi vasitələrdən yararlanıblar.
Buzdan istifadə
1930-cu illərdə məişət soyuducuları geniş yayılmazdan əvvəl Qərbin bəzi ölkələrində məişətdə istifadə üçün buz satışı ayrıca sənaye sahəsinə çevrilmişdi.
İnsanlar buzdan yalnız ərzaqları saxlamaq üçün deyil, həm də sərinləmək məqsədilə istifadə edirdilər. İsti günlərdə böyük buz parçalarının üzərində oturur, onlardan gələn sərin havadan yararlanır, hətta bədəni sərinlətmək üçün buz parçalarını yalayırdılar.
Sərin içkilər
Limonad və dondurma kondisionerlərdən onilliklər əvvəl meydana çıxsa da, qısa müddətdə yayın ayrılmaz hissəsinə çevrilib. Bu məhsullar isti havalarda orqanizmin sərinlənməsinə kömək edən ən populyar vasitələrdən sayılırdı.
Əl yelpikləri
Elektrik ventilyatoru 1882-ci ildə ixtira olunsa da, ilk modellər baha və təhlükəli olduğundan əsasən varlı ailələr tərəfindən istifadə edilirdi.
Əvəzində əl yelpikləri əsrlər boyu insanların istidən qorunmasına kömək edib. Onların əsas üstünlüyü sadə hazırlanması və hər kəs üçün əlçatan olması idi.
Yeməklərin sərin saatlarda hazırlanması
Kondisioner olmayan dövrdə yemək bişirmək evin temperaturunu əhəmiyyətli dərəcədə artırırdı. Xüsusilə odunla işləyən sobalar yay aylarında əlavə istilik mənbəyinə çevrilirdi.
Bu səbəbdən kənd yerlərində yeməklər çox vaxt ayrıca yay mətbəxlərində hazırlanırdı. Şəhərlərdə isə ailələr yemək bişirməyi səhər tezdən və ya axşam saatlarına salırdılar ki, günün ən isti vaxtında ev daha az qızsın.
Mütəxəssislərin fikrincə, bu sadə üsullar müasir soyutma sistemləri meydana çıxana qədər insanların yüksək temperaturun təsirlərini azaltmasına kömək edib.
Jalə Demokrat.az


