Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyi "Soyqırımı və deportasiya qurbanlarına dəstək" adlı layihənin icrasını uğurla davam etdirir. Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən maliyyələşdirilir. Layihənin icrasında Türkiyə Respublikası Bolqarıstan Türkləri Mədəniyyət və Xidmət Dərnəyi (BULTÜRK) və Özbəkistan Respublikasının "Yüksək Səlahiyyət" təşkilatı tərəfdaş qismində iştirak edir.
Layihə çərçivəsində Türkiyə Cümhuriyyətinin İstanbul şəhərində, Bayrampaşa Bələdiyyəsində yerləşən Mehmet Akif Ersoy Kültür və Sənət Mərkəzində "Deportasiya qurbanlarının qayıdış imkanlarının reallaşdırılması istiqamətində beynəlxalq platforma" adlı beynəlxalq konfrans keçirilib.
Konfransda Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin və türkdilli xalqların dövlət və qeyri-dövlət qurumlarının təmsilçiləri, vətəndaş cəmiyyəti institutları, diaspor nümayəndələri və media təmsilçiləri iştirak ediblər.
Konfrans Türkiyə və Azərbaycanın dövlət himnlərinin səsləndirilməsi ilə açılıb. Daha sonra İstanbul Bayrampaşa Bələdiyyəsinin başqan vəkili İbrahim Akın, Bayrampaşa kaymakamı Abdullah Çiftçi və MHP Bayrampaşa İl Başqan yardımçısı Derin Bozoklu Abay protokol çıxışları ediblər. Natiqlər Azərbaycan və Türkiyə Cümhuriyyətləri arasında qardaşlıq münasibətlərinin bütün dünyaya örnək olduğunu bildiriblər.
Daha sonra BULTÜRK Dərnəyinin başqanı Rafet Ulutürk qonaqları salamlayıb və layihə barədə iştirakçılara geniş məlumat verib. Rafet Ulutürk belə əhəmiyyətli konfransın İstanbulda keçirilməsini tarixi hadisə kimi dəyərləndirib, əməkdaşlığa və təşkilati dəstəyə görə Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinə, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və bütövlükdə Azərbaycan dövlətinə səmimi minnətdarlığını ifadə edib. Layihənin əhəmiyyətindən danışan natiq bu əməkdaşlığın uzunmüddətli və strateji hədəflərə xidmət etməsinin vacibliyini vurğulayıb.
Sonra Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin prezidenti İlqar Hüseynli geniş təqdimatla çıxış edib. O bildirib ki, "Azərbaycan Türk Dövlətləri Təşkilatında önəmli rola malikdir. Türk dövlətləri arasında birliyin genişlənməsi istiqamətində fəal iş aparır. Ölkənin aparıcı QHT-lərinin bu istiqamətdə ideya və fəaliyyətlərini dəstəkləyir. Bu gün ərsəyə gələn layihə də məhz Azərbaycan dövlətinin dəstəyi ilə həyata keçirilən ən uğurlu layihələrdən biri hesab edilməlidir. Dünyada və regionda türkdilli xalqlara qarşı rus və erməni qüvvələri tərəfindən həyata keçirilən soyqırımı və deportasiya siyasətinin beynəlxalq ictimaiyyətə çatdırılmasının vaxtıdır. Xüsusilə Azərbaycan və çərkəz xalqlarına, eləcə də digər türkdilli xalqlara qarşı törədilən amansız soyqırımlarla bağlı geniş işlər aparılmalı və bu fəaliyyətlər dəstəklənməlidir".
İlqar Hüseynli daha sonra bu istiqamətdə TDT-yə üzv dövlətlərin QHT-lərinin əməkdaşlığının əhəmiyyətini vurğulayaraq bildirib ki, artıq TDT-yə üzv dövlətlərin QHT Forumu Azərbaycanda təsis olunub və Bakıda iki forum keçirilib. Eyni zamanda Azərbaycan-Türkiyə QHT-lərinin Əməkdaşlıq Forumu da təşkil olunub.
Daha sonra təşkilatın beynəlxalq məsələlər üzrə müavini Fərhad Qəşəmli ermənilər tərəfindən Qərbi Azərbaycandan deportasiya olunmuş azərbaycanlıların üzləşdiyi soyqırımı cinayətləri barədə geniş təqdimat edib. O bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Qərbi Azərbaycan İcması yaradılıb və onun təklifləri əsasında beynəlxalq hüquq prinsiplərinə uyğun şəkildə "Qərbi Azərbaycana Qayıdış Konsepsiyası" sənədi hazırlanıb.
Təqdimat zamanı "Qərbi Azərbaycana Qayıdış Konsepsiyası" və onun beynəlxalq hüquqi əsasları barədə konfrans iştirakçılarına ətraflı məlumat verilib. Təklif olunub ki, Azərbaycan tərəfinin hazırladığı bu sənəd soyqırımına məruz qalan digər türkdilli xalqlar üçün də nümunəvi sənəd kimi istifadə olunsun.
Konfransda professor Emir Fatih Akbulat "Çərkəz sürgünü və soyqırımı" mövzusunda geniş təqdimat edib. O, əsrlər boyu Rusiya imperiyasının çərkəz xalqına qarşı törətdiyi vandalizm və soyqırımı hadisələri ilə bağlı tarixi faktları diqqətə çatdırıb, Azərbaycan QHT-ləri tərəfindən bu faciələrin gündəmə gətirilməsinə görə ölkəmizə minnətdarlığını ifadə edib. O, bu tədqiqatların davamlı olmasının vacibliyini vurğulayıb.
Konfransın ikinci hissəsində araşdırmaçı alim Cahit Dak Türküstan soyqırımı, BULTÜRK-ün baş katibi Aysu Akbaş Bolqarıstan türklərinin köç və soyqırımı hadisələri, professor Saffet Erdem isə Balkanlarda soyqırımı məsələləri barədə təqdimatlarla çıxış ediblər.
Konfransda Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin və türkdilli xalqların vahid Soyqırımı Gününün təsis edilməsi istiqamətində fikirlər səsləndirilib və bu təşəbbüs iştirakçılar tərəfindən müsbət qarşılanıb. Konfrans sertifikatların təqdim olunması ilə başa çatıb.
Layihə çərçivəsində növbəti tədbir soyqırımına məruz qalmış xalqlara həsr olunmuş rəsm sərgisi olub. Sərgidə Azərbaycana aid bölmədə Xocalı soyqırımını, eləcə də Qərbi Azərbaycandan deportasiya və soyqırımı faktlarını əks etdirən fotolar nümayiş etdirilib. Sərgiyə gələnlər azərbaycanlılara qarşı törədilmiş tarixi ədalətsizlikləri dərin hüznlə izləyiblər.
















