Şou-biznes Özəl

Bu gün vəfat edən Kadir İnanırla bağlı maraqlı faktlar

Bu gün vəfat edən Kadir İnanırla bağlı maraqlı faktlar

"Yeşilçam"ın ən sevilən aktyorlarından biri olan Kadir İnanır vəfat edib. Bir müddətdir müalicə aldığı xəstəxanada yatan və qısa müddət əvvəl reanimasiyaya yerləşdirilərək süni tənəffüs aparatına qoşulan sənətçidən kədərli xəbər gəlib. Kadir İnanırın vəfatı həm pərəstişkarlarını, həm də incəsənət ictimaiyyətini dərin kədərləndirib. Onun vəfatından sonra həyat yolu yenidən maraq mövzusuna çevrilib.

Demokrat.az xəbər verir ki, filmləri və yadda qalan obrazları ilə türk kinosunda iz qoyan Kadir İnanır 77 yaşında vəfat edib. O, 4 may 2026-cı ildə səhhətində yaranan problem səbəbindən xəstəxanaya yerləşdirilmiş, ona sətəlcəm diaqnozu qoyulmuşdu. Altı gün əvvəl reanimasiyaya köçürülən və süni tənəffüs aparatına qoşulan aktyorun bu gün vəfat etdiyi açıqlanıb.

Türkiyənin səhiyyə naziri professor doktor Kamal Memişoğlu sosial media hesabında başsağlığı paylaşaraq bildirib:

“Kinomuzun tanınmış sənətçisi Kadir İnanırın vəfatını dərin kədərlə öyrəndim. Allahdan ona rəhmət, ailəsinə, sevənlərinə və incəsənət ictimaiyyətinə səbir diləyirəm. Məkanı cənnət olsun".

Kadir İnanırın vəfatından sonra onun şəxsi həyatı ilə bağlı məlumatlara maraq yenidən artıb.

Kadir İnanır 15 aprel 1949-cu ildə Ordu vilayətinin Fatsa rayonunda anadan olub. Atasının 1930-cu ildə Trabzonun Sürmene rayonundan Fatsaya köçməsi səbəbindən burada dünyaya gəlib. Doğulduğu yer Fatsa olsa da, əslən Trabzonun Sürmene rayonundandır.

İbtidai və orta təhsilini Fatsada alan Kadir İnanır daha sonra İstanbula köçərək Haydarpaşa liseyini bitirib. Ali təhsilini Mərmərə Universitetinin Rabitə fakültəsinin Radio və televiziya ixtisasında alıb.

1967-ci ildə "Ses" jurnalının təşkil etdiyi "Kino Artisti Yarışması"nda finala yüksəlib, 1968-ci ildə isə "Saklambaç" qəzetinin keçirdiyi "Fotoroman Artisti Yarışması"nın qalibi olub. Bir müddət fotoromanlarda rol alan aktyor kinoda ilk dəfə rejissor Atıf Yılmazın çəkdiyi "Kara Gözlüm" filmində, Türkan Şoray ilə tərəf-müqabili olaraq çıxış edib.

Kadir İnanırın atası Mehmet İnanır, anası isə Rükiye xanımdır. Atası əslən Trabzonun Sürmene rayonundan idi və sərbəst fəaliyyət göstərən sahibkar olub.

Onun qardaş və bacıları Reşit İnanır, Ziynet İsmailoğlu və bir müddət əvvəl vəfat edən Altun Arıcadır.

Müğənni Soner Arıca və aktyor Levent İnanır Kadir İnanırın bacısı uşaqlarıdır. Soner Arıcanın anası Kadir İnanırın bacısıdır.

Karyerasında yadda qalan filmlər

* "Selvi Boylum Al Yazmalım" * "Tatar Ramazan" * "Kara Gözlüm" * "Dila Hanım" * "Bodrum Hakimi" * "Yılanların Öcü" * "Karılar Koğuşu" * "Katırcılar" * "Amansız Yol" * "Utanç"

Jalə Demokrat.az

D
demokrat.az