Sağlamlıq Özəl

Dəri, əzələlər və oynaqlar üçün kollagen qəbul etmək lazımdırmı?

Dəri, əzələlər və oynaqlar üçün kollagen qəbul etmək lazımdırmı?

Son illərdə kollagen əlavələri xüsusilə dermatologiya və oynaq sağlamlığı sahəsində böyük maraq doğurur. Lakin alimlər arasında bu əlavələrin həqiqətən faydalı olub-olmaması ilə bağlı indiyədək müxtəlif fikirlər mövcud idi. İndi isə yeni dərc olunmuş sistematik icmal göstərir ki, kollagen əlavələri dəri, oynaqlar və əzələlərin sağlamlığına müsbət təsir göstərə bilər.

Demokrat.az xəbər verir ki, araşdırma ümumilikdə 7 983 nəfərin iştirak etdiyi 113 randomizə olunmuş nəzarətli tədqiqatın nəticələrini birləşdirərək təhlil edib.

Dəriyə təsiri: elastiklik, nəmlənmə və tekstura

Tədqiqatın nəticələrinə görə, kollagen əlavələrinin ən ardıcıl və inandırıcı təsiri dəri sağlamlığı sahəsində müşahidə olunub.

20 randomizə olunmuş tədqiqatın (1 217 iştirakçı) nəticələrinin təhlili göstərib ki, ağızdan qəbul edilən kollagen məhsulları dərinin elastikliyini əhəmiyyətli dərəcədə artırır. İştirakçıların əksəriyyəti sağlam yetkin şəxslər və ya yüngül kosmetik problemləri olan qadınlar olub.

Bundan əlavə, 19 randomizə olunmuş tədqiqatın (954 iştirakçı) meta-analizi kollagen qəbulunun dərinin nəmlənməsini də əhəmiyyətli dərəcədə yaxşılaşdırdığını göstərib.

Bununla yanaşı, dərinin kobudluğunun azalması ilə bağlı nəticələr statistik baxımdan əhəmiyyətli hesab edilməyib.

Araşdırmalar həmçinin göstərib ki, kollagenin dərinin elastikliyinə təsiri qəbul müddətindən asılıdır. Daha uzunmüddətli istifadə zamanı nəticələr daha nəzərəçarpan olub.

Əzələlər və vətərlər

İcmalın nəticələrinə əsasən, kollagen əlavələri əzələ kütləsinin artmasına da kömək edə bilər. Bu barədə əldə olunan sübutlar orta səviyyədə etibarlı hesab olunur.

Bəzi tədqiqatlarda əzələ qalınlığının və en kəsiyinin sahəsinin artdığı da müşahidə edilib.

Bundan əlavə, bir sıra araşdırmalarda maksimal əzələ gücünün statistik cəhətdən əhəmiyyətli dərəcədə artdığı qeydə alınıb.

Lakin vətərlərin sərtliyi və yükdaşıma qabiliyyəti kimi mexaniki xüsusiyyətlərində nəzərəçarpacaq dəyişiklik aşkarlanmayıb.

Osteoartrit zamanı təsiri

Araşdırmalar göstərib ki, kollagen qəbul edən iştirakçılarda ağrı səviyyəsi həm şəxsi qiymətləndirmə, həm də vizual analoq şkalası üzrə əhəmiyyətli dərəcədə azalıb.

Müəlliflər həmçinin osteoartritlə bağlı tədqiqatlarda kollagen istifadəsi ilə əlaqəli ciddi yan təsirlərə dair sübut aşkar etməyiblər.

Kardiometabolik göstəricilər

Meta-analizlər kollagen qəbul edən şəxslərdə əzələ kütləsinin artdığını və yağ kütləsinin kiloqramla azaldığını göstərib.

Bununla belə, bədən piyinin faiz göstəricisindəki dəyişikliklər statistik baxımdan əhəmiyyətli olmayıb.

Qan şəkəri, xolesterin, triqliseridlər və arterial təzyiq kimi kardiometabolik göstəricilər üzrə nəticələr isə birmənalı olmayıb. Bu sahədə aparılan təhlillər kollagen əlavələrinin aydın və sübut olunmuş faydasını təsdiqləməyib.

Beləliklə, yeni sistematik icmal kollagen əlavələrinin xüsusilə dərinin elastikliyi və nəmlənməsi, əzələ kütləsinin artırılması və osteoartrit zamanı ağrıların azaldılması baxımından faydalı ola biləcəyini göstərir. Bununla yanaşı, ürək-damar və maddələr mübadiləsi göstəricilərinə təsiri ilə bağlı hələlik kifayət qədər güclü elmi sübut yoxdur.

Jalə Demokrat.az

D
demokrat.az