Siyasət

Milli Şuranın “deputat siyahı”sının hədəfi — Səhnənin arxasından kimlərin başı boylanır? (VİDEO)

Milli Şuranın “deputat siyahı”sının hədəfi — Səhnənin arxasından kimlərin başı boylanır? (VİDEO)

Azərbaycanda müşahidə olunan seçkiöncəsi atmosfer, seçki administrasiyasının ictimai rəyə adekvat fəaliyyəti, süni müdaxilələrin qarşısının dərhal alınması fevralın 9-da keçiriləcək parlament seçkilərinin respublika tarixində dönüş nöqtəsi olacağını deməyə əsas verir. Əgər əvvəlki seçkilərdə seçicilərin inamı az idisə, bu gün müşahidə olunan proseslər xalqın öz iradəsini ortaya qoyduğunu və mandatına uyğun fəaliyyət göstərməyən namizədləri açıq şəkildə tənqid etdiyini göstərir. Bu, Azərbaycanın demokratik inkişafında da dönüş nöqtəsi hesab oluna bilər. Artıq Azərbaycan əvvəlki ölkə deyil, artıq hakim komanda da daxil olmaqla hər şey yenilənir, hərçənd, bütün bunların fonunda yenilənməyən, yenilənmək istəməyən yeganə cameə müxalifətdir.

Milli Şuranın sədri Cəmil Həsənlinin fevralın 9-da Milli Məclisə keçiriləcək seçkilərdə deputatların artıq “seçildiyi” iddiasını irəli sürməsi və “gizli siyahını” açıqlaması bunu bir daha təsdiq etdi. Halbuki, Cəmil Həsənlinin məlum siyahıya verdiyi şərhi ölkədə baş verənlər fonunda analiz etdikdə birbaşa ictimai rəyə yönəlmiş və Azərbaycanın yenilənməsinin qarşısının alınmasına hesablanmış məqsəd aydın görünür.

Milli Şura sədri yazır ki, “Fevral ayının 9-da parlamentə seçiləcək deputatların siyahısını seçkidən 12 gün öncə Sizə təqdim edirik. Bu siyahı ehtimallar əsasında deyil, bilavasitə müxtəlif hakimiyyət orqanlarından, rayon icra strukturlarından, MSK, DSK-lardan və hakimiyyətə yaxın olan digər mənbələrdən əldə edilmiş məlumatlar əsasında tərtib edilmişdir”.

Burada Cəmil Həsənli “gizli siyahısının” ictimai rəydə inandırıcılığını artırmaq üçün “adının çəkilmədiyi mənbələrə” istinad edir. Məhz bu amil göstərir ki, siyahı özfəaliyyətin məhsuludur və böyük ehtimalla aylı bir gecədə Əli Kərimli ilə çay masası arxasında sırf bekarçılıqdan hazırlanıb.

Milli Şura sədrinin özünü öncədən sığortalaması da məsələnin qeyri-ciddiliyini sübut edir.

Milli Şuranın “deputat siyahı”sının hədəfi — Səhnənin arxasından kimlərin başı boylanır? (VİDEO)

Tanınmış hüquqşünas Aslan İsmayılovun məlum siyahıya münasibəti bu kontekstdə maraqlıdır.

“Belə bir siyahının yayılması islahatların qarşısının alınmasına, xalqda yaranmış inamı qırmağa hesablanıb və ən çox da köhnə komandaya lazımdır. Onlar Azərbaycanı onillər boyu sümürmələrindən əl çəkmək istəmirlər, çünki xalqa qul kimi baxırdılar. Amma indi vəziyyət dəyişib, onları məcbur edirlər ki, vətəndaşların ayağına getsinlər. Xaricdə varı-dövləti olan biri gedib kasıbın əlindən öpməyi özünə sığışdırmır. Bunlar birinci qrupdur. İkinci qrup isə on illərdir “biz hakimiyyətə gələcəyik, oğurlanan milyardları xalqa qaytaracağıq” deyirlər. 90-cı illərin əvvəlində deyirdilər ki, neftdən gələn pullar yolların qızıldan salınmasına kifayət edir, amma heç nə etmədilər. Onillərdir sadə, səmimi Azərbaycan vətəndaşını “hakimiyyətə gəlirik” vədi ilə aldatdılar, yüzlərlə gənci həbsə atdırdılar. Çünki hakimiyyətdəki köhnə komanda ilə birlikdə hərəkət edirdilər. Bu, hakimiyyətdə olanlarla müxalifətdə olanların ortaq biznesi idi”, - hüquqşünas bildirib.

Proseslərin təhlili Aslan İsmayılovun haqlı olduğunu deməyə əsas verir. Halbuki, artıq bundan sonra belə oyunlar baş tutmayacaq. Çünki ölkədə hər şey dəyişir. Ya bu dəyişikliyə ayaq uyduracaq və xalqın yanında olacaqlar, ya da siyasi səhnədən yox olacaqlar...

Vasif Həsənli

"Demokrat.az" xəbər portalının baş redaktoru

D
demokrat.az