Marketlərdə kənd yumurtası adı ilə satışa çıxarılan rəngli yumurtalar alıcıların diqqətini daha çox cəlb edir. Lakin qabığının rəngi və ya görünüşü həmin məhsulun həqiqətən kənd şəraitində istehsal olunduğunu təsdiqləmir. Bəs satışda olan bu yumurtalar doğrudan da kənd məhsuludur, yoxsa istehlakçıların etibarını qazanmaq üçün istifadə edilən marketinq üsuludur?
Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Demokrat.az-a bildirib ki, bəzi satıcılar adi yumurtaları çirkləndirərək onları kənd yumurtası kimi təqdim edir və daha yüksək qiymətə satışa çıxarırlar:

"İstehlakçılar arasında kənd yumurtasına tələbat yüksək olduğundan onun qiyməti də xeyli artıb. Lakin qabığın üzərindəki çirk yumurtanın kənd məhsulu olduğunu göstərmir. Bunu müəyyənləşdirmək üçün yumurtanı qırıb içərisinə baxmaq lazımdır. Sarısı daha tünd rəngdədirsə, onun kənd yumurtası olması ehtimalı yüksəkdir. Qanunvericiliyə əsasən, satışa çıxarılan bütün məhsulların mənşəyini təsdiqləyən sənədlər olmalıdır. Ancaq ölkədə satılan məhsulların böyük hissəsi belə sənədlərlə müşayiət olunmur. Buna görə də istehlakçıların aldadılmamaq üçün əsas yolu məhsulun keyfiyyətini vizual olaraq yoxlamaqdır. Yumurtada isə bunu yalnız iç hissəsinə baxmaqla müəyyən etmək mümkündür", - deyə o qeyd edib.
Beləliklə, marketlərdə kənd yumurtası adı altında satılan çirkli məhsulların böyük qismi saxta çıxa bilər. Yəni vizual aldanışdan qorunmaq və pulun hədər getməməsi üçün alıcılar aldıqları məhsulun daxili rənginə mütləq diqqət yetirməlidirlər.


