Sosial media Özəl

"Sosial media fenomenlərinin maddi imkanları ilə sadə vətəndaşlarınkı arasında ciddi fərq var"

Sosial media fenomenlərinin maddi imkanları ilə sadə vətəndaşlarınkı arasında ciddi fərq var

Sosial şəbəkələrin həyatımızdakı təsiri artdıqca, gözəllik standartları da sürətlə dəyişir. Xüsusilə məşhurların tez-tez estetik əməliyyat etdirməsi və bu prosesi açıq şəkildə sosial mediada paylaşması cəmiyyətdə bu müdaxilələrə marağı artırır. İdeal görünüş anlayışının davamlı şəkildə təbliğ olunması bir çox insanı estetik əməliyyatlara yönləndirir, bəzən isə bu qərarlar psixoloji və sosial təsirlərin nəticəsi kimi üzə çıxır.

Mövzu ilə bağlı vəkil Cavanşir Qasımzadə Demokrat.az-a bildirib ki, bu məsələ və problem təkcə Azərbaycanda deyil, digər ölkələrdə, o cümlədən Avropa dövlətlərində də aktualdır:

Sosial media fenomenlərinin maddi imkanları ilə sadə vətəndaşlarınkı arasında ciddi fərq var

“İnsan sağlamlığına mənfi təsir göstərə biləcək amillərin sosial mediadan uzaq tutulması ilə bağlı müxtəlif addımlar atılır. Təbii ki, sosial media fenomenlərinə, bloqerlərə və influenserlərə öz üzərlərində, öz bədənlərində dəyişiklik etməyi və ya estetik əməliyyat etdirməyi qadağan etmək mümkün deyil. Lakin burada əsas məsələ onların davranışlarının cəmiyyətə təsiridir. İstər estetik xarici görünüş, istərsə də daxili sağlamlıq baxımından sosial media fenomenlərinin hərəkətləri insanlara birbaşa təsir göstərir.

Bundan əlavə, sosial media fenomenlərinin maddi imkanları ilə sadə vətəndaşların imkanları arasında ciddi fərq var. Fenomenlər reklamlar vasitəsilə yüksək gəlir əldə etdikləri üçün bahalı prosedurlardan yararlana bilirlər. Nəticədə vətəndaşlar daha münasib qiymət axtararaq dırnaqarası müəssisələrə, qeyri-peşəkar tibb mərkəzlərinə və ya tibb müəssisəsi adı altında fəaliyyət göstərən gözəllik salonları və kosmetoloqlara üz tuturlar. Bu isə onların həm estetik görünüşünə, həm də ümumi sağlamlığına ciddi zərər vurur. Bəzi hallarda həmin zərərləri aradan qaldırmaq və ya tam müalicə etmək mümkün olmur”.

O deyib ki, Fransada bu sahədə bənzər təcrübə müşahidə olunub:

“Orada sosial media fenomenlərinə kosmetoloji və ya estetik əməliyyatlarla bağlı reklam etmək və insanları bu prosedurlara təşviq etmək qadağan edilib. İngiltərədə də oxşar yanaşma tətbiq olunur.

Xüsusilə, kosmetologiya sahəsində fəaliyyət göstərən bəzi fenomenlərə filtrlərdən istifadə ilə bağlı məhdudiyyətlər qoyulub. Çünki filtrlərdən istifadə insanların gözəllik anlayışını dəyişir, qeyri-real standartlar formalaşdırır və nəticədə insanları plastik-estetik əməliyyatlara yönləndirir. Bu da sağlamlıq üçün əlavə risklər yaradır.

Yaxşı olardı ki, ölkəmizdə də bu istiqamətdə müəyyən qadağalar və ya hüquqi tənzimləmələr tətbiq olunsun. Belə olduğu halda, Azərbaycanda gözəllik məfhumu süni təsirlər nəticəsində eroziyaya uğramaz, daha sağlam və real estetik dəyərlər qorunub saxlanılar”.

Leyla Turan

D
demokrat.az