Qarğıdalının həm yumşaq, həm də olduqca ləzzətli alınması üçün bir neçə xüsusi qaydaya diqqət yetirmək lazımdır.
Qarğıdalı bişirərkən qazanın dibinə və ən üst hissəsinə öz qabıqlarını düzmək olar. Bu üsul qarğıdalının öz təbii ətrini və dadını daxilində saxlamasına kömək edir. Qabıqlar həm də buxarı içəridə saxlayaraq dənələrin daha tez yumşalmasını təmin edir.
Bişirmə suyuna mütləq az miqdarda şəkər tozu əlavə edilməlidir. Şəkər tozu qarğıdalının dənələrindəki təbii şirinliyi önə çıxarır və dadını daha da zənginləşdirir.
Ən çox edilən səhvlərdən biri qaynama suyuna duz tökülməsidir. Duz qaynama mərhələsində suya əlavə edildikdə qarğıdalı dənələrini bərkidir və bişmə prosesini uzadır. Buna görə də duzu yalnız qarğıdalı tam bişib süfrəyə verilən zaman səpmək lazımdır.
Qarğıdalının daha yumşaq və qaymaqlı bir dada sahib olması üçün qaynama suyuna bir qədər süd və kərə yağı əlavə etmək olar. Süd dənələrin sərtləşməsinin qarşısını alır, kərə yağı isə qarğıdalıya xüsusi ləzzət qatır.
Bişmə müddətinə də nəzarət edilməlidir. Təzə və körpə qarğıdalılar adətən su qaynamağa başladıqdan sonra təxminən 20 və ya 30 dəqiqə ərzində tam hazır olur. Həddindən artıq qaynatmaq dənələrin şirəsini itirməsinə və qurumasına səbəb ola bilər.
Aytən Demokrat.az


