Dünya Özəl

33 illik zəhmətin bəhrəsi: Küçələrdən zibil topladı, uşaqlarını oxutdu — FOTOLAR

33 illik zəhmətin bəhrəsi: Küçələrdən zibil topladı, uşaqlarını oxutdu — FOTOLAR

Türkiyənin Adana şəhərində yaşayan 3 uşaq atası Adnan Aslan övladlarının təhsili naminə 33 ildir küçə-küçə gəzərək tullantı kağızlar toplayır. Çətin həyat şəraitinə baxmayaraq övladlarının gələcəyi üçün mübarizədən vaz keçməyən ata, illər sonra zəhmətinin qarşılığını qızının uğurunda görüb.

Demokrat.az xəbər verir ki, uşaqlıq illərində atasını itirən və yoxsulluq içində böyüyən Adnan Aslan təhsil ala bilməsə də, övladlarının eyni taleyi yaşamaması üçün bütün gücünü onların oxumasına sərf edib. O, topladığı tullantılardan qazandığı gəlirlə övladlarını böyüdərək təhsil almalarına şərait yaradıb.

Aslan bildirib ki, valideynlik yalnız ailəni maddi təmin etməkdən ibarət deyil. Onun sözlərinə görə, hər bir ata övladlarının gələcəyi üçün mübarizə aparmalı, gənclər isə valideynlərinin çəkdiyi əziyyəti qiymətləndirməlidirlər.

"Övladlarımın gələcəkdə çətinlik çəkməməsi üçün illərlə çalışdım. Bu yolda heç vaxt peşman olmamışam. Gənclər valideynlərinin onlar üçün göstərdiyi fədakarlığı görməli və bu əməyi öz uğurları ilə dəyərləndirməlidirlər", deyə o qeyd edib.

Adnan Aslan vurğulayıb ki, qızı universitet təhsilini fərqlənmə ilə başa vurub və hazırda dövlət qulluğuna qəbul imtahanına hazırlaşır. Ata övladlarının arxasında dayanmağa davam edəcəyini, lazım gələrsə daha uzun illər işləyəcəyini bildirib.

Ailənin qürur mənbəyinə çevrilən Latifə Aslan isə atasını həyatının ən böyük qəhrəmanı adlandırıb. Çukurova Universitetinin Turizm və Səyahət Xidmətləri ixtisasını birinciliklə başa vuran gənc qız atasının illərlə göstərdiyi zəhmətin və fədakarlığın onların uğurunda mühüm rol oynadığını deyib.

"Bu gün əldə etdiyim uğurun arxasında atamın alın təri dayanır. Hər kəsin qəhrəmanı olmur, amma mənim ən böyük qəhrəmanım atamdır. Universitet təhsili insanı inkişaf etdirir, lakin həyat məktəbi daha böyük dərslər verir. Mən bu dərsləri atamdan öyrənmişəm", deyə Latifə Aslan bildirib.

Atanın 33 illik zəhməti və qızının əldə etdiyi uğur sosial şəbəkələrdə də böyük rəğbətlə qarşılanıb. Bir çox istifadəçi bu hekayəni əzm, fədakarlıq və valideyn sevgisinin təsirli nümunəsi kimi qiymətləndirib.

33 illik zəhmətin bəhrəsi: Küçələrdən zibil topladı, uşaqlarını oxutdu — FOTOLAR

33 illik zəhmətin bəhrəsi: Küçələrdən zibil topladı, uşaqlarını oxutdu — FOTOLAR

Jalə Demokrat.az

D
demokrat.az