Məhərrəm ayı İslam təqvimində xüsusi əhəmiyyətə malik aylardan biri hesab olunur və bu ayda ibadət, mənəvi təmizlənmə və dini dəyərlərə daha çox diqqət yetirilir. Bu səbəbdən Məhərrəm ayında oruc tutmaq məsələsi də tez-tez müzakirə olunur. Bəs, bu ayda oruc tutmağın dini baxımdan xüsusi fəziləti varmı və İslamda bu ibadət necə qiymətləndirilir?
Mövzu ilə bağlı Demokrat.az-a açıqlama verən ilahiyyatçı Fazil Əhməd bildirib ki, mübarək Ramazan ayında oruc tutmaq vacibdir, lakin Ramazan ayından başqa günlərdə də oruc tutmaq fəzilətə səbəb olur. Burada qeyd edilməli olan bir neçə mühüm nüans var.
"Birinci məsələ budur ki, Ramazan ayından başqa elə günlər var ki, həmin günlərdə oruc tutmaq haramdır. Bunlar Qurban bayramı və Fitr bayramı günləridir. İnsan həmin günlərdə oruc tutmamalıdır. İkinci məsələ qəza orucu ilə bağlıdır. Əgər insanın boynunda qəza orucu varsa, o, Ramazan ayından kənar günlərdə fəzilət qazanmaq üçün oruc tutarkən qəza niyyəti etməlidir. Məsələn, Rəcəb və Şaban aylarında oruc tutmaq fəzilətli sayılır. Ancaq boynunda qəza orucu olan şəxs həmin günlərdə qəza niyyəti ilə oruc tutmalıdır".
Onun sözlərinə görə, bu halda həm insanın qəza borcu ödənilir, həm də həmin günlərin və ayların oruc fəziləti onun üçün savab olaraq yazılır.
"Məsələn, bir şəxsin boynunda qəza orucu varsa və Rəcəb ayı daxil olursa, o, bu ayın fəzilətindən yararlanmaq üçün oruc tuta bilər. Lakin niyyəti qəza niyyəti olmalıdır. Yəni qəlbindən “qəzalarımdan birini vacib qürbətən ilallah niyyəti ilə tuturam” şəklində niyyət etməlidir. Bu halda həm qəza borcu götürülür, həm də həmin ayda oruc tutmağın savabı qazanılır".
İlahiyyatçı bildirib ki, üçüncü məsələ isə məkruh vaxtlarda oruc tutmaqla bağlıdır.
"Məhərrəm ayı boyunca oruc tutmaq savab hesab edilir. Lakin Aşura günü oruc tutmaq məsələsində məzhəblər arasında fikir ayrılığı var. Əhli-sünnə məzhəbində Aşura günü oruc tutmaq savab və fəzilətli hesab olunur. Onların hədislərinə əsasən, həmin gündə tarixdə müxtəlif mühüm hadisələr baş verib və Peyğəmbər də bu günün orucunu müstəhəb sayıb. Lakin şiə mənbələri və fəqihlərinin nəzərinə görə Aşura günü oruc tutmaq məkruhdur, yəni bəyənilmir. Bunun səbəbi kimi qeyd olunur ki, Həzrəti Hüseyni (ə) qətlə yetirən tərəf özlərini qalib hesab etdikləri üçün həmin günü hər il oruc tuturdu. Buna görə də şiə fəqihləri və imamların buyuruqlarına əsasən, həmin gün oruc tutmaq məkruh hesab edilmişdir".


