Kriminal Özəl

13 ildən sonra azadlığa çıxmışdı, qonşusu ilə dalaşdı, yenə məhkəməlik oldu

13 ildən sonra azadlığa çıxmışdı, qonşusu ilə dalaşdı, yenə məhkəməlik oldu

Biləsuvar rayonunda 49 yaşlı kişi həmyerlisinə xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin fevralın 15-də Biləsuvar şəhəri, Mübariz İbrahimov küçəsində baş verib.

1977-ci il təvəllüdlü Təvəkkül həmin gün gecə saat 2 radələrində Seymurun (adlar şərtidir – red.) onu söyüb təhqir etdiyinə görə aralarında yaranmış mübahisə zamanı ki dəfə yumruq zərbəsi ilə onun sifət nahiyəsindən vurub.

Faktla bağlı Təvəkkülün barəsində Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ittiham elan edilib.

İş üzrə izahat verən Təvəkkül ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, ailə üzvləri ilə birlikdə yaşayır, evlidir və himayəsində iki uşağı var:

“2013-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin 1 oktyabr 2013-cü il tarixli hökmü ilə 13 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişəm və 17 avqust 2025-ci il tarixdə cəzamın sonu ilə cəzaçəkmə müəssisəsindən azad edilmişəm. Mən həmin vaxtdan Biləsuvar rayonuna ailə üzvlərinin yanına qayıdaraq, burada yaşamağa başladım. Rəsmi olaraq heç bir yerdə işləmirəm və günəmuzd fəhləlik etməklə ailəmin dolanışığını təmin edirəm. Zərərçəkmiş Seymuru qonşu kimi tanımışam. Onunla aramızda hər hansı ədavət və ya düşmənçilik olmayıb”.

Təqsirləndirlən şəxsin sözlərinə görə, bu ilin fevralın 15-də, gecə saat 2 radələrində yaşadığı evə gəldiyi vaxt Biləsuvar şəhəri, Mübariz İbrahimov küçəsində Seymuru yanında bir neçə nəfər tanımadığı şəxslə görüb:

“Həmin küçədə sutkanın həmin vaxtı tanımadığım kişilərin olmasından əsəbiləşdim və buna görə də həmin şəxslərə yaxınlaşdım. Mən yaxınlaşdığım vaxt Seymurun yanında olan digər şəxslər oradan uzaqlaşdı. Həmin yerdə yalnız Seymur qaldı. Mən Seymurun yanında olan şəxslərin kim olduğunu və gecə vaxtı küçədə dayanmalarının səbəbini soruşdum. Seymur isə kobud şəkildə cavab verərək, həmin şəxsləri tanımadığını bildirdi. Seymurun mənimlə kobud davranmasından qəzəblənərək, özümdən çıxdım və onun sifət nahiyəsindən vurdum. Həmin zərbələrin təsirindən Seymur yerə yıxıldı. Sonradan Seymur barəmdə Biləsuvar Rayon Polis Şöbəsinə şikayət etdiyini öyrəndim”.

Biləsuvar Rayon Məhkəməsində aparılan araşdırma zamanı məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkmişlə barışıq əldə edib. Bu səbəbdən zərərçəkmiş təqsirləndirilən şəxsi bağışlayıb, ona qarşı şikayətini geri götürüb.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.

Qeyd edək ki, təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma), 234.4.3 (külli miqdarda qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) və 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq törətmək) maddələri ilə 14 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunub, Şirvan Apellyasiya Məhkəməsinin 3 fevral 2014-cü il tarixli qərarı ilə ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzası 13 il müddətinə azaldılıb.

Fariz Məlikli

D
demokrat.az