Sosial Özəl

Saxta iş elanlarının qurbanı olmamaq üçün bunları bilməlisiniz

Saxta iş elanlarının qurbanı olmamaq üçün bunları bilməlisiniz

Saxta iş elanları ilə bağlı dələduzluq halları artmaqda davam edir. Hüquqşünas Əkrəm Həsənov belə hallarda vətəndaşların hansı hüquqlara malik olduğunu və necə davranmalı olduqlarını açıqlayıb.

Rəqəmsal platformalarda yayılan saxta iş elanları və işə düzəltmə vədləri ilə bağlı dələduzluq halları narahatlıq yaradır. Hüquqşünas Əkrəm Həsənov mövzu ilə bağlı Demokrat.az-a danışıb.

Onun sözlərinə görə, kiminsə aldatma yolu ilə digər şəxsin pulunu alması cinayət məsuliyyəti yaradır.

"Belə halda söhbət dələduzluqdan gedir. Vətəndaş polisə müraciət etməlidir. Araşdırma aparılmalı və cinayət işi açılmalıdır".

Əkrəm Həsənov bildirib ki, saxta iş elanı anlayışı hər vəziyyətdə eyni hüquqi nəticə doğurmur.

"Şəxs işə düzəltmək vədi ilə müqavilə bağlayırsa, ilk növbədə müqavilənin şərtlərinə baxmaq lazımdır. Qarşı tərəf hansı öhdəliyi üzərinə götürüb, əsas məsələ budur".

Hüquqşünas qeyd edib ki, əgər həmin şəxs vətəndaşı mütləq işlə təmin edəcəyini öhdəsinə götürüb, lakin bunu etməyibsə, alınan vəsait geri qaytarılmalıdır.

"Pul qaytarılmırsa, vətəndaş məhkəməyə müraciət edə bilər. Bu halda söhbət dələduzluqdan yox, müqavilə öhdəliyinin yerinə yetirilməməsindən gedə bilər".

Ekspert əlavə edib ki, bəzi şirkətlər yalnız sənədlərin hazırlanması və göndərilməsi kimi xidmətlər göstərirlər.

"Əgər müqavilədə bu göstərilibsə, həmin şəxs göstərdiyi xidmətə görə ödəniş ala bilər. Belə vəziyyətdə dələduzluqdan danışmaq düzgün olmaz".

Əkrəm Həsənovun sözlərinə görə, əgər elanda göstərilən vakansiya əslində mövcud deyilsə və bu yolla vətəndaşdan pul alınıbsa, artıq məsələ dələduzluq kimi qiymətləndirilə bilər.

"Belə hallarda əsas məsələ vətəndaşın aldadılıb-aldadılmadığını və qarşı tərəfin hansı öhdəliyi götürdüyünü müəyyən etməkdir", – deyə hüquqşünas vurğulayıb.

Leyla Turan

D
demokrat.az