Region Özəl

Türkiyədə PUA qalmaqalı: İki rayonda həyacan təbili

Türkiyədə PUA qalmaqalı: İki rayonda həyacan təbili

Türkiyənin Kastamonu əyaləyinin Cidə rayonunda bir evin həyətinə pilotsuz uçuş aparatı (PUA) düşüb.

Demokrat.az xəbər verir ki, evin təxminən 10 metrliyinə düşən aparat daha sonra alovlanaraq yararsız hala düşüb. Samsunun Alaçam rayonunda isə pilotsuz uçuş aparatının tapılması ilə bağlı məlumat daxil olduqdan sonra ərazidə hərəkətlilik yaşanıb.

Əldə edilən məlumata görə, Cidə rayonunun Quşkayası kəndində yaşayan Musa Zilana məxsus evin arxasında yerləşən fındıq bağçasına PUA düşüb. Güclü səs-küylə yerə çırpılan və təxminən 200 kiloqramdan artıq çəkisinin olduğu ehtimal edilən aparat daha sonra alovlanıb. Evin həyətinə düşən PUA-nın hissələri ətrafa səpələnib.

Səs-küyü eşidərək evdən çölə çıxan Musa Zilan bağçasına düşmüş hava aparatını gördükdə təəccüblənib. Hadisədən sonra o, hüquq-mühafizə orqanlarına məlumat verib. Müraciətdən sonra hadisə yerinə jandarma əməkdaşları göndərilib.

Jandarma əməkdaşları PUA-nın düşdüyü ərazidə araşdırma aparıblar. Aparatın mənşəyinin və kimə məxsus olduğunun müəyyənləşdirilməsi üçün araşdırmalara başlanılıb. Faktla bağlı istintaq davam edir.

Samsunun Alaçam rayonunda pilotsuz uçuş aparatının tapılması barədə daxil olan məlumatdan sonra ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib. Məlumata görə, Yuxarı Alma məhəlləsinin Karataş ərazisində vətəndaşların müraciəti əsasında hadisə yerinə jandarma qüvvələri cəlb olunub. Təhlükəsizlik qüvvələri tərəfindən ərazidə geniş təhlükəsizlik tədbirləri görülüb və aşkar edilmiş cismin araşdırılması üçün işlərə başlanılıb.

İlkin qiymətləndirmələrə əsasən, cismin pilotsuz uçuş aparatı olduğu bildirilib. Onun mənşəyinin və texniki xüsusiyyətlərinin müəyyənləşdirilməsi üçün ekspertiza davam edir.

Hadisə yerində aparılan ilkin araşdırmalardan sonra PUA-nın aidiyyəti qurumlar tərəfindən daha ətraflı şəkildə qiymətləndiriləcəyi qeyd olunub. Aparatın hansı ölkəyə məxsus olduğu və bölgəyə necə çatdığı aparılacaq araşdırmaların nəticəsində dəqiqləşəcək. Jandarma əməkdaşlarının hadisə ilə bağlı istintaqı davam edir.

Jalə Demokrat.az

D
demokrat.az