"Meta" şirkəti Hindistanın aparıcı maliyyə texnologiyaları startaplarından biri olan CRED-ə 900 milyon dollar investisiya yatırdığını açıqlayıb. Razılaşma çərçivəsində şirkətin qurucusu Kunal Şah dünyanın ən böyük mesajlaşma platformalarından biri olan "WhatsApp"ın yeni rəhbəri təyin edilib.
Demokrat.az xəbər verir ki, bu barədə "Reuters" yazıb.
Məlumata görə, son yeddi ildə "WhatsApp"a rəhbərlik edən Uill Katkart vəzifəsindən ayrılaraq "Meta" daxilində yeni məhsulların hazırlanmasına rəhbərlik edəcək.
"Meta"nın baş direktoru Mark Zukerberq bildirib ki, Kunal Şahın texnologiya və maliyyə sektorundakı təcrübəsi platformanın gələcək inkişafında mühüm rol oynayacaq.
Saziş nəticəsində "Meta" CRED-də təxminən 20 faiz pay əldə edəcək. Şirkətin dəyəri isə 4,5 milyard dollar səviyyəsində qiymətləndirilib.
Kunal Şahın əsas vəzifələrindən biri "WhatsApp"ın biznes modelini genişləndirmək, ödəniş sistemlərini inkişaf etdirmək və süni intellekt texnologiyalarının tətbiqini sürətləndirmək olacaq. "Meta" xüsusilə Hindistan bazarında rəqəmsal ödənişlər və kommersiya xidmətləri sahəsində mövqeyini gücləndirməyi hədəfləyir.
Qeyd edək ki, Uill Katkartın rəhbərliyi dövründə "WhatsApp"ın aylıq aktiv istifadəçi sayı 3 milyardı ötüb. "Meta" hazırda platformada reklam, ödənişli xidmətlər və süni intellekt əsaslı funksiyaların genişləndirilməsi istiqamətində fəaliyyət göstərir.
Jalə Demokrat.az


