Maraqlı Özəl

Yayda sağlamlığınızı riskə atan qidalanma vərdişləri

Yayda sağlamlığınızı riskə atan qidalanma vərdişləri

Yay mövsümünün gəlişi ilə havaların isinməsi orqanizmin maye tələbatını artırır və qidalanma vərdişlərinə təsir göstərir. Mütəxəssislər bu dövrdə mövsümə uyğun qidalanmağı, ağır və yağlı yeməklərdən uzaq durmağı tövsiyə edirlər.

Demokrat.az xəbər verir ki, isti havalarda düzgün qidalanmaq həm sağlamlığın qorunması, həm də gün ərzində enerjili qalmaq baxımından böyük əhəmiyyət daşıyır.

Yüngül qidalara üstünlük verin

Dietoloqlar bildirirlər ki, yay aylarında qidalanma rejiminə yenidən baxmaq lazımdır. Qışda daha çox seçilən ağır, yağlı və yüksək kalorili yeməklərin əvəzinə su tərkibi yüksək olan yüngül qidalar istehlak edilməlidir. Tərəvəzlər, meyvələr, tam taxıllar, paxlalılar və keyfiyyətli zülal mənbələri yay qidalanmasının əsasını təşkil etməlidir.

Yeməklərin hazırlanmasında qızartma əvəzinə qaynatma, buğda bişirmə, qril və ya sobada bişirmə üsullarına üstünlük verilməsi tövsiyə olunur.

İsti hava iştahanı azaldır

Yüksək temperatur maddələr mübadiləsinə və həzm sisteminə də təsir edir. İsti havalarda iştahanın azalması tez-tez müşahidə olunur. Bunun əsas səbəbi orqanizmin həzm prosesində yaranan istiliyi azaltmağa çalışmasıdır.

Eyni zamanda, kifayət qədər maye qəbul edilməməsi qəbizlik kimi həzm problemlərinin yaranma riskini artırır.

Mütəxəssislər xəbərdarlıq edirlər ki, yay aylarında tez-tez edilən qidalanma səhvləri sağlamlıq problemlərinə səbəb ola bilər. Bu səhvlər arasında:

Yemək vaxtlarını ötürmək; Gün ərzində yalnız meyvə ilə qidalanmaq; Kifayət qədər su içməmək; Həddindən artıq dondurma və şəkərli soyuq içkilər qəbul etmək; İştahanın azalmasına görə zülal qəbulunu azaltmaq yer alır.

Gündə ən azı 2–2,5 litr su için

Mütəxəssislərin fikrincə, maye qəbulu yay aylarında həyati əhəmiyyət daşıyır. Yetkin insanların gündəlik minimum 2–2,5 litr su içməsi tövsiyə olunur. Güclü tərləmə, fiziki fəaliyyət və ya açıq havada işləmə zamanı bu miqdar daha da artırılmalıdır.

Su əsas içki kimi qəbul edilməli, ayran, kefir, şəkərsiz bitki çayları və sadə mineral sular da maye balansının qorunmasına kömək edə bilər. Şəkərli içkilər isə suyu əvəz etmir.

Elektrolit itkisinə qarşı meyvə və tərəvəzlər

İsti havalarda tərləmə nəticəsində natrium, kalium və maqnezium kimi vacib mineralların itirilməsi mümkündür. Buna görə gündəlik rasionda pomidor, xiyar, yaşıl yarpaqlı tərəvəzlər, banan, ərik, şaftalı, qovun və qarpız kimi məhsullara yer verilməsi tövsiyə olunur.

Qida zəhərlənmələrinə qarşı ehtiyatlı olun

Yay aylarında yüksək temperatur qida zəhərlənməsi riskini də artırır. Ət, toyuq, balıq, süd və süd məhsulları uyğun temperaturda saxlanılmalı, bişmiş yeməklər uzun müddət otaq temperaturunda qalmamalıdır.

Leyla Demokrat.az

D
demokrat.az