Şou-biznes Özəl

Məşhur aktrisa xoşbəxt evliliyin sirlərini açdı: Nə etmək lazımdır?

Məşhur aktrisa xoşbəxt evliliyin sirlərini açdı: Nə etmək lazımdır?

Dünya şöhrətli Hollivud aktrisası Mila Kunis aktyor Eşton Katçerlə xoşbəxt evliliyinin sirlərini bölüşüb.

Demokrat.az xəbər verir ki, "The Drew Barrymore Show" verilişində çıxış edən “Qara qu quşu” filminin ulduzunun sözlərinə görə, onların tanışlığı yeniyetmə yaşlarında "That ’70s Show" serialının çəkilişləri zamanı baş tutub. Buna görə də illər sonra münasibətləri romantik xarakter aldıqda, artıq bir-birinin keçmişini yaxşı tanıyırdılar.

"Biz bir-birimizin hekayələrini bilirdik, heç nə izah etməyə ehtiyac yox idi. O, məni müxtəlif tərəflərimdən tanıyırdı, mən də onun həyatındakı hər şeyi bilirdim - yaxşısını da, pisini də. Buna görə də yenidən bir araya gələndə biz bir-birimizi öyrənmirdik, artıq tanıyırdıq. Əslində aramızda heç vaxt sirr olmayıb", deyə Kunis bildirib.

Qeyd edək ki, Kunis və Katçer 2015-ci ildə evləniblər. Onların iki övladı var. Cütlük Hollivudda ən möhkəm ailələrdən biri kimi tanınır.

Mila Kunis vurğulayıb ki, onların münasibətinin əsası hörmət üzərində qurulub və zamanla birlikdə inkişaf etməyə davam edirlər: "Bizim münasibətimizin təməli hörmətdir, çünki biz bir-birimizi çoxdan tanıyırıq. İnsanlar birlikdə inkişaf edə bilərlər. Əsas odur ki, biz bunu artıq etmişik və yenə də birlikdə böyüyə bilərik".

Jalə Demokrat.az

NE
Nihadə Eyyubova