Son günlər sosial şəbəkələrdə 1 qəpiyə satılan yumurtaların “süni” olduğu ilə bağlı iddialar yayılır. Bu isə istehlakçılar arasında ciddi suallar və narahatlıq yaradır. Vətəndaşlar süni yumurta anlayışının real olub-olmaması ilə maraqlanırlar.
Məsələ ilə bağlı qida eksperti, nutrisoloq Fərid Səfərov Demokrat.az-a bildirib ki, bu cür videolara əsaslanaraq yumurtanın keyfiyyəti və ya təhlükəsizliyi haqqında dəqiq nəticə çıxarmaq düzgün deyil:
"Yumurtanın sarısının bıçaqla kəsilərkən dağılmaması və ya elastik görünməsi bir neçə səbəbdən qaynaqlana bilər.
Əgər yumurta təzədirsə, sarını əhatə edən nazik qişa daha möhkəm olur və sarı öz formasını yaxşı saxlayır. Bəzi hallarda isə yumurtanın saxlanma şəraiti də onun quruluşuna təsir edir. Məsələn, yumurta çox aşağı temperaturda saxlanılıbsa və ya qismən donubsa, sonradan əridikdən sonra sarının və ağ hissənin konsistensiyasında dəyişikliklər yarana bilər. Bu zaman sarı daha qatı və elastik görünə bilər".
O deyib ki, köhnə yumurtalarda isə adətən əksinə vəziyyət müşahidə olunur:
"Vaxt keçdikcə sarını saxlayan qişa zəifləyir, ağ hissə durulaşır və sarı daha asan dağılır. Yəni sarının parçalanmaması təkbaşına yumurtanın köhnə olmasının göstəricisi hesab edilmir. Bundan başqa, toyuğun yemlənməsi, yumurtanın növü və saxlanma müddəti də sarının quruluşuna müəyyən təsir göstərə bilər.
Nəticə olaraq, videolarda görünən görüntülərə əsasən həmin yumurtaların köhnə, saxta və ya sağlamlıq üçün təhlükəli olduğunu demək mümkün deyil. Bunun səbəbi təzəlik dərəcəsi, saxlanma temperaturu, qismən donma və digər texnoloji amillər ola bilər. Dəqiq qiymətləndirmə üçün yumurtaların laborator müayinədən keçirilməsi və rəsmi qurumların araşdırma nəticələrinin açıqlanması vacibdir",- deyə o qeyd edib.
Əfsanə Kamal Demokrat.az


