Cəmiyyət Özəl

Beynin əsir düşdüyü narkotik bəlası — Çıxış yolu

Beynin əsir düşdüyü narkotik bəlası — Çıxış yolu

Narkomaniya XXI əsrin ən təhlükəli sosial bəlalarından biri kimi dünya ölkələrinin qarşısında duran ən ciddi problemlər sırasındadır. Birləşmiş Millətlər Təşkilatı tərəfindən 26 iyun tarixinin Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü elan edilməsi də bu problemin qlobal miqyasını və bəşəriyyət üçün yaratdığı təhlükəni açıq şəkildə göstərir. Narkotik vasitələrin qanunsuz dövriyyəsi və istifadəsi hər il milyonlarla insanın həyatına mənfi təsir edir, ailələrin dağılmasına, cinayətkarlığın artmasına, sosial rifahın zəifləməsinə və ictimai təhlükəsizliyin təhdid olunmasına səbəb olur. Ekspertlər qeyd edirlər ki, narkomaniya təkcə tibbi problem deyil, eyni zamanda psixoloji, sosial, iqtisadi və hüquqi aspektləri özündə birləşdirən mürəkkəb hadisədir.

Son illər dünyada sintetik narkotiklərin yayılması, psixoaktiv maddələrə əlçatanlığın artması və yaş həddinin getdikcə aşağı düşməsi vəziyyəti daha da narahatlıq doğuran həddə çatdırıb. Xüsusilə yeniyetmələr və gənclər arasında risk faktorlarının çoxalması, sosial şəbəkələrdə və müxtəlif qeyri-qanuni platformalarda narkotiklərin təbliği bu istiqamətdə mübarizəni daha da aktuallaşdırır. Araşdırmalar göstərir ki, narkotik asılılığına gətirib çıxaran səbəblər arasında ailədaxili problemlər, psixoloji travmalar, sosial təcrid, stres, gələcəklə bağlı qeyri-müəyyənlik və yanlış mühit mühüm yer tutur. Bu səbəbdən problemin həlli yalnız hüquq-mühafizə tədbirləri ilə məhdudlaşmamalı, eyni zamanda profilaktika, maarifləndirmə və psixoloji dəstək mexanizmlərini də əhatə etməlidir.

Narkomaniyanın qarşısının alınmasında ailə, məktəb, cəmiyyət və dövlət institutlarının birgə fəaliyyəti xüsusi əhəmiyyət daşıyır. Erkən yaşlardan sağlam həyat tərzinin təbliği, uşaqlarda və gənclərdə düzgün dəyərlərin formalaşdırılması, onların idman, elm və digər faydalı fəaliyyətlərə cəlb olunması risklərin azalmasına kömək edə bilər. Eyni zamanda asılılıqdan əziyyət çəkən insanların damğalanmadan uzaq şəkildə müalicəyə yönləndirilməsi, reabilitasiya imkanlarının genişləndirilməsi və cəmiyyətə reinteqrasiyasının təmin olunması da vacib məsələlərdən biridir.

Beynin əsir düşdüyü narkotik bəlası — Çıxış yolu

BMT-nin 26 iyunla bağlı çağırışlarının əsas məqsədi də məhz narkotiklərlə mübarizədə beynəlxalq həmrəyliyi gücləndirmək, ictimai diqqəti problemin miqyasına yönəltmək və insanların bu təhlükə barədə məlumatlılığını artırmaqdır. Çünki narkomaniya ayrı-ayrı ölkələrin deyil, bütün dünyanın üzləşdiyi ümumi problemdir və onunla mübarizə yalnız dövlət qurumlarının deyil, bütövlükdə cəmiyyətin ortaq məsuliyyətini tələb edir. Məhz bu baxımdan asılılığın yaranma mexanizmlərinin, onun insan beyninə və davranışlarına təsirinin öyrənilməsi problemin mahiyyətini daha dərindən anlamağa imkan verir.

Bəs asılılıq beyinə necə təsir edir?

Psixoloq, psixoterapevt Ramin Allahverdiyev Demokrat.az-a açıqlamasında deyib ki, asılılığın formalaşmasında əsas rol oynayan amillərdən biri mükafatlandırma sistemində baş verən dəyişikliklərdir:

- İnsan beynində 200-dən çox neyrotransmitter mövcuddur. Bunlardan 4-5-i asılılıq prosesində xüsusi əhəmiyyət daşıyır. Həmin neyrotransmitterlərin beyində artıb-azalması asılılığın yaranmasına və inkişafına təsir göstərir. Gündəlik həyatımızda müxtəlif davranışlar nümayiş etdiririk. Bu davranışlar zamanı beyində davranış neyrotransmitteri hesab edilən dopamin ifraz olunur. Məsələn, avtomobil idarə etmək, dadlı yemək yemək və ya yaxınlarımızla vaxt keçirmək kimi fəaliyyətlər zamanı müəyyən miqdarda dopamin ayrılır və insan bundan həzz alır.

Beynin əsir düşdüyü narkotik bəlası — Çıxış yolu

İnsan beyninin ifraz etdiyi dopaminin ən yüksək səviyyəsi təxminən 80-100 vahid təşkil edir. Bu göstərici əsasən intim münasibətlər zamanı müşahidə olunur. Hazırda Azərbaycan qanunvericiliyinə əsasən daşınması və satışı qadağan edilən psixostimulyator maddələr istifadə olunduqda isə beyində 2000-3000 vahid dopamin ifraz edilir. Bu prosesdən sonra beyin əvvəlki davranış modellərini bloklayır və maddənin yaratdığı yeni davranışları ön plana çıxarır. Nəticədə maddə istifadə edən şəxs əvvəlki həyat tərzindən uzaqlaşır, əvvəlki fəaliyyətlər ona maraqlı gəlmir və daim maddə axtarışında olur.

Endorfin isə təbii ağrıkəsici funksiyasını yerinə yetirən neyrotransmitterdir. Dünyada ən güclü ağrıkəsici kimi morfin tanınır və laboratoriyada hazırlanır. Endorfin isə ondan qat-qat güclüdür, çünki insan orqanizmi onu özü istehsal edir. İnkişaf psixologiyası göstərir ki, bu sistem ana bətnindən etibarən formalaşmağa başlayır və sonrakı mərhələlərdə də inkişaf edir. Uşaqlıq dövründə ağır emosional və fizioloji travmalar yaşayan insanlarda endorfin sistemində müəyyən bloklanmalar yaranır. Belə şəxslər sonradan həmin çatışmazlığı kənardan qəbul etdikləri maddələr vasitəsilə kompensasiya etməyə çalışırlar.

Maddə istifadəsi zamanı dopamin ön tavan bölgəsindən ifraz olunur. Onun bir hissəsi amiqdalaya ötürülür. Amiqdala duyğuların və təhlükəsizlik hissinin formalaşmasına cavabdehdir. Buradan gələn siqnal şəxsdə təhlükəsizlik hissi yaradaraq istifadənin davam etməsinə şərait yaradır. Dopaminin digər hissəsi isə hipokampa yönəlir və orada xoş xatirə kimi yaddaşa həkk olunur. Həm amiqdaladan, həm də hipokampdan gələn siqnallar mezolimbik sistemə təsir göstərir. Maddə istifadəsi zamanı ciddi zərər görən əsas beyin nahiyələrindən biri prefrontal korteksdir. Bu sahə idarəetmə, planlaşdırma, analitik düşüncə və müqayisəli təhlil kimi funksiyaları yerinə yetirir. Maddə asılılığı zamanı beynin düşünmə və qərarverməyə cavabdeh olan hissəsi ciddi zədələndiyindən insan öz vəziyyətini tənqidi qiymətləndirməkdə çətinlik çəkir. Bu səbəbdən psixoloq və ya psixoterapevtə qarşı müəyyən müqavimət və bloklanmalar müşahidə olunur. Şəxsin özünüqiymətləndirmə və özünü tənqid etmə bacarığını aktivləşdirmək üçün onun psixoterapevtik müalicə mərhələsinə yönləndirilməsi mühüm əhəmiyyət daşıyır.

Beynin əsir düşdüyü narkotik bəlası — Çıxış yolu

- Bu məsələ hansı səbəblərə görə faha da ciddiləşir və çıxılmaz hal alır?

Avropadakı statistik göstəricilər rəsmi rəqəmlərin ən azı 10 dəfə artırılmalı olduğunu göstərir. Bizdə isə bu rəqəmi daha yüksək götürmək lazımdır. Çünki maddə istifadəçilərinin hamısı müalicəyə könüllü şəkildə müraciət etmir. Valideynlərdə utanc hissi, gizlətmək meyli və başqalarının nə düşünəcəyi ilə bağlı narahatlıqlar var. Məhz bu düşüncələr insanları müalicədən uzaq saxlayır. Buna görə də ölkəmizdə narkotik istifadəçilərinin sayı mövcud statistikadan təxminən 15-20 dəfə çoxdur.

Məsələ elə şəkildə gündəmə gətirilməlidir ki, dövlət də bu istiqamətdə zəruri addımlar ata bilsin. Bu sahədə kompleks yanaşmaya ehtiyac var və hər şey ailədən başlayır. Ailələr uşaq yaşlarından maarifləndirilməli, uşaqların daxili və xarici resurslarının inkişafına diqqət yetirilməlidir. Uşaqlar kitab oxumağa, idmana və asudə vaxtlarını faydalı fəaliyyətlərlə keçirməyə təşviq olunmalıdır. Valideyn, müəllim və şagird arasında davamlı münasibətlər qurulmalı, bir növ üçtərəfli əlaqə formalaşmalıdır. Uşağın inkişafı ilə bağlı işlər mütəmadi şəkildə aparılmalıdır. Narkomaniya səbəbsiz yaranmır. İnsan özündə tapa bilmədiyi hissləri, emosional boşluğu narkotik vasitələrdə axtarır. Həmin həzz beyində proqramlaşır və şəxs yenidən ona yönəlir.

Bu, son dərəcə ciddi problemdir və uzun illərdir bu barədə danışılır. Təbii ki, vəziyyət kifayət qədər gərgindir. Dövlətimiz də, aidiyyəti sektorlar da öz imkanları daxilində çalışırlar. Bu problem yalnız Azərbaycanın deyil, bütün dünyanın üzləşdiyi problemdir. Lakin əsas istək ondan ibarətdir ki, bu sahədə mütləq mütəxəssislərə yer verilsin. Araşdırma aparmış, bu sahəni dərindən öyrənmiş və təcrübə qazanmış insanlar prosesə cəlb edilməlidir. Onlar dövlətə, millətə və vətənə daha çox fayda verə bilərlər. Əgər narkomaniya ilə mübarizədə bu sahə üzrə təcrübəsi olmayan şəxslər ön plana çıxarsa, istənilən nəticəni əldə etmək çətin olacaq. Hər sahənin olduğu kimi, bunun da öz mütəxəssisləri var.

Beləliklə, narkomaniya ilə mübarizə yalnız hüquq-mühafizə tədbirləri və ya tibbi müdaxilə ilə məhdudlaşmır. Bu, eyni zamanda sağlam ailə münasibətlərinin qurulmasını, psixoloji rifahın qorunmasını, gənclərin düzgün istiqamətləndirilməsini və cəmiyyətin bütün təbəqələrinin birgə səylərini tələb edən uzunmüddətli prosesdir. Asılılığın yaranma səbəblərini vaxtında müəyyənləşdirmək, risk qrupunda olan şəxslərə dəstək göstərmək və maarifləndirmə işlərini gücləndirmək minlərlə insanın həyatını xilas edə bilər. Çünki narkomaniyanın qarşısını almağın ən effektiv yolu onun nəticələri ilə deyil, yaranmasına səbəb olan amillərlə mübarizə aparmaqdır.

Əfsanə Kamal Demokrat.az

NE
Nihadə Eyyubova