Avto Özəl

Maşında bu dəyişiklikləri edin, yoxsa yayda sizi yolda qoya bilər — Açıqlama

Maşında bu dəyişiklikləri edin, yoxsa yayda sizi yolda qoya bilər — Açıqlama

Yay mövsümündə havaların kəskin istiləşməsi avtomobillərin texniki vəziyyətinə daha çox diqqət yetirilməsini zəruri edir. Xüsusilə mühərrikin soyutma sistemində yaranan nasazlıqlar yolda qalma və hətta ciddi texniki problemlərlə nəticələnə bilər. Mütəxəssislər sürücülərə səfərə çıxmazdan əvvəl avtomobillərinin əsas sistemlərini yoxlamağı tövsiyə edirlər.

Mövzu ilə bağlı fikirlərini bölüşən avtomobil üzrə ekspert Elgiz Mehdiyev Demokrat.az-a deyib ki, bu isti havalarla əlaqədar avtomobillərdə ilk növbədə soyutma sisteminə, yəni antifriz sisteminə diqqət yetirmək lazımdır:

“Antifrizin vəziyyəti yoxlanılmalı, vaxtlı-vaxtında dəyişdirilməlidir. Eyni zamanda termostata da baxmaq vacibdir. Mühərrik qızanda termostat açılmalı və antifriz radiatora gedərək soyuduqdan sonra yenidən sistemə qayıtmalıdır. Termostatın vaxtında açıb-bağlamasına diqqət etmək lazımdır. Bəzən termostat gec açanda avtomobil qızmağa başlayır. Burada radiatorun özü də çox önəmlidir. Radiator sistemi təmiz olmalıdır. Antifrizin keyfiyyəti aşağı düşəndə və ya istifadə müddəti bitəndə sistemdə kirəclənmə yaranır. Bu kirəclənmə radiator daxilində su dövriyyəsini zəiflədir. Antifriz və ya tasolun vaxtında dəyişdirilməsi də vacibdir. Məsələn, mühərrik sistemində adi su olduqda, su təxminən 95 dərəcədən sonra qaynamağa başlayır. Amma tasol və ya antifriz istifadə ediləndə bu göstərici 105, 110, hətta 120 dərəcəyə qədər yüksələ bilir. Ona görə tökülən antifrizlərin keyfiyyətinə xüsusi fikir vermək lazımdır. Hər mühərrikin özünə uyğun antifriz sistemi var. Yüksək temperaturda işləyən maşınlarda əsasən qırmızı antifriz G12 istifadə olunur”.

O bildirib ki, standart sistemlərdə isə G11, yəni yaşıl və ya göy antifrizlərdən istifadə edilir:

“Yay mövsümündə ən vacib məsələlərdən biri də təkərlərin havasıdır. Təkərlərin havasını bir qədər yüksək saxlamaq məsləhətdir. Çünki asfalt qızdıqca təkərlər də qızır. Təzyiq normal və ya bir qədər yüksək olduqda təkərin yerə sürtünməsi azalır, bu da qızmanı və yeyilməni azaldır. Hava az olduqda isə təkər daha çox yerə oturur, sürtünmə artır və nəticədə təkər daha çox qızır. Bundan başqa, kondisioner sisteminə də diqqət yetirmək lazımdır. Onu vaxtaşırı yoxlatdırmaq məsləhətdir. Kimisi kondisionerdən istifadə edir, kimisi etmir, amma yay aylarında xüsusilə təkərlərin havasına və antifriz sisteminə nəzarət vacibdir. Çünki antifrizin vaxtı keçəndə onun xüsusiyyətləri zəifləyir və artıq 110-120 dərəcədə yox, adi su kimi təxminən 90 dərəcədə qaynamağa başlayır”.

Beləliklə, yay aylarında avtomobillərin qorunması və təhlükəsiz hərəkətin təmin edilməsi birbaşa sürücülərin profilaktik yoxlamalarından asılıdır. İsti hava şəraiti mühərrikin soyutma sistemini və təkərləri ikiqat yüklənmə ilə işləməyə məcbur edir. Sürücülərin sadəcə maye dəyişiminə və şin təzyiqinə laqeyd yanaşması yollarda ciddi qəzalara və bahalı təmir işlərinə zəmin yaradır. Texniki qaydalara vaxtında əməl olunması həm avtomobilin istismar müddətini uzadır, həm də yay səfərlərinin təhlükəsiz keçməsini təmin edir.

Leyla Turan Demokrat.az

NE
Nihadə Eyyubova