Cəmiyyət Özəl

"Farsların, yaxud da hansısa millətin ənənəsi dinin əmri və buyruğu ola bilməz”

Farsların, yaxud da hansısa millətin ənənəsi dinin əmri və buyruğu ola bilməz”

Məhərrəm ayının başlaması ilə Azərbaycanda hər il təkrarlanan müzakirələrdən biri yenidən aktuallaşıb. Xüsusilə toy, nişan və digər şənlik mərasimlərinin bu ay ərzində keçirilib-keçirilməməsi cəmiyyətdə müxtəlif fikirlərə səbəb olur. Bir tərəfdən, bu ayın İslam dünyasında, xüsusilə də müsəlmanlar üçün kədər, matəm və mənəvi dərinlik dövrü olduğu vurğulanır, digər tərəfdən isə bəzi insanlar toyların təxirə salınmasını daha çox illər ərzində formalaşmış ictimai ənənə və adət kimi qiymətləndirirlər. Bu səbəbdən bir çox ailələr planlaşdırdıqları mərasimləri Məhərrəm ayından sonraya keçirməyə üstünlük verir. Xüsusilə Kərbəla faciəsi ilə bağlı matəm ənənələrinin güclü olduğu cəmiyyətlərdə bu məsələyə daha həssas yanaşılır. Azərbaycanda da uzun illərdir formalaşmış yanaşmaya əsasən, Məhərrəm ayında yüksək musiqili, şən əhvali-ruhiyyəli məclislərin keçirilməsi birmənalı qarşılanmır. Lakin burada əsas sual dəyişmir. Toy etməmək fikri dini hökmə əsaslanır, yoxsa bu, daha çox sosial-mədəni ənənənin nəticəsidir? Bəs İslam dinində bu ayda toy etməklə bağlı konkret qadağa varmı?

Mövzu ilə bağlı Demokrat.az-a açıqlama verən ilahiyyatçı Elşad Mirinin sözlərinə görə, İslam dininin yeganə və tək mənbəyi Qurandır:

“Quranda isə hansısa ayda, hansısa gündə toy etmək, ailə həyatı qurmaq barədə heç bir qadağa yoxdur. Bu insanların şəxsi qərarlarıdır. Çünki bir ailənin, bir nəslin həyatında baş verən hansısa yas və ya mənfi iz buraxan bir tarix varsa, təqvim mövcuddursa, insanlar bunu öz qərarlarıyla müəyyənləşdirirlər. Nə Ramazan ayında, nə may ayında, nə yanvar, nə də ki Məhərrəm ayında da bu cür qadağa yoxdur. Lakin bəzi insanların hansısa gündə və ya ayda toy edib-etməməsinə sayğıyla yanaşmaq lazımdır. Lakin bunu din adına demək doğru yanaşma deyil. Qərb bölgəsində hər zaman Məhərrəmlikdə toy edilməsi, cənub bölgəsində edilməməsi ənənədir. Qurana heç bir aidiyyatı yoxdur. Bu gün ərəblərin toy edib-etməməsi məsələni din halına gətirmədiyi kimi, farsların, yaxud da hansısa millətin ənənəsi də dinin əmri və buyruğu ola bilməz”.

Leyla Turan Demokrat.az

NE
Nihadə Eyyubova