Bir zamanlar ölkəsinin ən məşhur aktrisalarından olan Danniella Vestbruk gənc yaşda qazandığı şöhrətin ardından yaşadığı ağır narkotik asılılığının həyatını kökündən dəyişdiyini və uzun illərdir davam edən üz rekonstruksiya əməliyyatları keçirdiyini bildirib.
Demokrat.az xarici mediaya istinadən xəbər verir ki, 53 yaşlı britaniyalı aktrisa son açıqlamasında üzündə ciddi sümük itkisi olduğunu və bu səbəbdən mütəmadi cərrahi müdaxilələrə ehtiyac duyduğunu deyib. O, hər 2–3 ayda bir əməliyyat olunduğunu, yaxın 18 ay ərzində isə daha altı cərrahi prosedurun planlaşdırıldığını qeyd edib.
Danniella Vestbruk bildirib ki, illər əvvəl kokain istifadəsi nəticəsində burun arakəsməsi çöküb və zamanla üz sümüklərində ciddi deformasiya yaranıb. Onun sözlərinə görə, hazırda bəzi nahiyələrdə sümük toxuması demək olar ki, qalmayıb və rekonstruksiya prosesində müxtəlif implant və dolğu materiallarından istifadə edilir.
Aktrisa həmçinin yaşadığı fiziki dəyişikliklərin psixoloji təsirindən də danışıb. O, güzgülərə baxmaqda çətinlik çəkdiyini və keçirdiyi əməliyyatların emosional olaraq ağır olduğunu etiraf edib.
Karyerasına 16 yaşında “EastEnders” serialında Sam Mitçell obrazı ilə başlayan Danniella Vestbruk sonrakı illərdə müxtəlif televiziya layihələrində, realiti-şoularda və müsabiqələrdə iştirak edib. Buna baxmayaraq, o, uzun illər şəxsi həyatı və sağlamlıq problemləri ilə gündəmdə qalıb.
Hazırda aktrisa asılılıqdan uzaq həyat sürdüyünü və özünün yaratdığı kiçik bir istedad agentliyini idarə edərək fəaliyyətini davam etdirdiyini deyir.
Jalə Demokrat.az









