Sosial Özəl

"Dövlət qulluğu sahəsində əsaslı və köklü islahatların təməli məhz ulu öndərin dövründə qoyulub"

Dövlət qulluğu sahəsində əsaslı və köklü islahatların təməli məhz ulu öndərin dövründə qoyulub

Azərbaycan Respublikasında dövlət aparatının səmərəli fəaliyyətinin təmin edilməsində, idarəetmə sisteminin təkmilləşdirilməsində və vətəndaş məmnunluğunun qazanılmasında xüsusi rolu olan dövlət qulluqçularının peşə bayramının təsis edilməsinin bu il 20 ili tamam olur. Dövlət başçısı İlham Əliyevin 25 may 2006-cı il tarixli Sərəncamı ilə təqvimə daxil edilən 23 iyun – Dövlət Qulluqçularının Peşə Bayramı Günü ölkədə aparılan genişmiqyaslı inzibati və kadr islahatlarının fonunda xüsusi aktuallıq kəsb edir. İllərdir təntənəli şəkildə qeyd olunan bu tarixi gün, eyni zamanda BMT-nin Dövlət Qulluğu Günü ilə üst-üstə düşməklə beynəlxalq miqyasda da böyük rəmzi məna daşıyır.

Milli Məclisin deputatı Vüqar İskəndərov Demokrat.az-a açıqlamasında deyib ki, Azərbaycan Prezidenti tərəfindən imzalanan sərəncama əsasən, hər il iyunun 23-ü ölkədə Dövlət Qulluqçularının Peşə Bayramı Günü kimi qeyd olunur:

“Bu qərar dövlət qulluğu sahəsində çalışan insanların əməyinə verilən yüksək dəyərin və dövlət idarəçiliyində insan faktoruna göstərilən diqqətin növbəti təzahürüdür. Peşə bayramının təsis edilməsi dövlət qulluqçularının fəaliyyətinin daha geniş ictimai qiymətləndirilməsinə, onların cəmiyyətdə nüfuzunun artırılmasına və peşəyə marağın güclənməsinə mühüm töhfə verəcək. Dövlət qulluqçuları dövlət siyasətinin həyata keçirilməsində, vətəndaşlara göstərilən xidmətlərin təşkili və idarəetmə mexanizmlərinin effektiv fəaliyyətində mühüm rol oynayırlar. Bu baxımdan onların əməyinin xüsusi gün vasitəsilə qeyd olunması həm mənəvi təşviq, həm də məsuliyyət hissinin daha da güclənməsi baxımından əhəmiyyətlidir”.

Dövlət qulluğu sahəsində əsaslı və köklü islahatların təməli məhz ulu öndərin dövründə qoyulub

Onun sözlərinə görə, peşə bayramı dövlət qulluqçularının motivasiyasının yüksəlməsinə, xidmətdə peşəkarlığın və təşəbbüskarlığın təşviqinə müsbət təsir göstərə bilər:

“Eyni zamanda, bu addım dövlət idarəçiliyində keyfiyyət standartlarının yüksəldilməsi, vətəndaş məmnunluğunun artırılması və dövlət qulluğunun cəlbediciliyinin gücləndirilməsi istiqamətində mühüm stimul rolunu oynayacaq. Son illər Azərbaycanda dövlət qulluğu sisteminin təkmilləşdirilməsi, şəffaflığın artırılması və müasir idarəetmə prinsiplərinin tətbiqi istiqamətində mühüm islahatlar həyata keçirilir. Dövlət Qulluqçularının Peşə Bayramı Gününün təsis olunması da bu siyasətin tərkib hissəsi kimi dövlət qulluqçularının cəmiyyət qarşısındakı xidmətlərinin qiymətləndirilməsinə və dövlət idarəçiliyinin daha da inkişafına xidmət edəcək”.

Millət vəkili Elman Nəsirov bildirib ki, bu əlamətdar gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2006-cı il 25 may tarixli “Dövlət qulluqçularının peşə bayramı gününün təsis edilməsi haqqında” Sərəncamı ilə təsis edilib:

Dövlət qulluğu sahəsində əsaslı və köklü islahatların təməli məhz ulu öndərin dövründə qoyulub

“Həmin sərəncamda vurğulanır ki, Azərbaycan Respublikasında demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu prosesində dövlət qulluğunun mühüm rolunu, eləcə də Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyası tərəfindən iyunun 23-nün BMT-nin Dövlət Qulluğu Günü elan edilməsini nəzərə alaraq, hər il iyunun 23-ü ölkəmizdə dövlət qulluqçularının peşə bayramı kimi qeyd edilsin. Bu bayram təkcə təqvimdə qeyd olunan bir tarix deyil, həm də dövlət idarəçiliyində çalışan insanların cəmiyyət qarşısında daşıdığı böyük məsuliyyətin, xidmət missiyasının və vətəndaşlara bağlılığının ifadəsidir. Dövlət qulluqçusu olmaq yalnız inzibati vəzifə daşımaq anlamına gəlmir. Bu, eyni zamanda dövlətin maraqlarını qorumaq, qanunun aliliyini təmin etmək və vətəndaş məmnunluğunu əsas prioritet kimi qəbul etmək deməkdir. Prezident İlham Əliyev bu mühüm hadisə ilə bağlı çıxışlarında dəfələrlə vurğulayıb ki, dövlət qulluğunda çalışmaq o deməkdir ki, həmin şəxsə müstəqil, demokratik dövlət və vətəndaş cəmiyyəti quruculuğunun ön sıralarında olmaq imkanı etibar edilib. Dövlət başçısının sözləri ilə desək, hər bir şəxs bilməlidir ki, dövlət qulluğunda olmaq imtiyaz deyil, məsuliyyətdir, insanlara xidmət imkanıdır. Tutduğu vəzifənin səviyyəsindən və əhəmiyyətindən asılı olmayaraq, hər bir dövlət qulluqçusu daim xatırlamalıdır ki, o, xalqın xidmətçisidir. İnsanlara xidmət etmək, onların problemlərinə həssas yanaşmaq, qayğıları ilə yaşamaq dövlət qulluqçusunun əsas vəzifələrindən biridir. Bu kontekstdə xüsusi olaraq qeyd etmək lazımdır ki, Azərbaycanda müasir dövlət qulluğu sisteminin formalaşması və inkişafında, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun möhkəmləndirilməsində ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri bu gün də aydın şəkildə özünü göstərir. Dövlət qulluğu sahəsində əsaslı və köklü islahatların təməli məhz ulu öndərin ölkəyə rəhbərlik etdiyi dövrdə qoyulub”.

O əlavə edib ki, Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında hazırlanan və 1995-ci ilin noyabr ayında ümumxalq səsverməsi yolu ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası müasir dövlət idarəçiliyinin fundamental prinsiplərini müəyyən edib:

“Bu Konstitusiya dövlət hakimiyyətinin təşkilini, idarəetmənin hüquqi əsaslarını və vətəndaş-dövlət münasibətlərinin mahiyyətini müasir standartlara uyğun şəkildə təsbit etmişdir. Məhz bu hüquqi baza sonrakı illərdə dövlət qulluğu institutunun inkişafına ciddi təkan verib. Bu gün fəxarət hissi ilə qeyd edə bilərik ki, bütün sahələrdə olduğu kimi, dövlət qulluğu sahəsində də Prezident İlham Əliyev ulu öndərin siyasi kursunu uğurla davam etdirir. Son illər bu istiqamətdə hüquqi-normativ bazanın daha da möhkəmləndirilməsi, institusional idarəetmənin təkmilləşdirilməsi və kadr potensialının gücləndirilməsi məqsədilə mühüm addımlar atılıb. Bu baxımdan, 2000-ci il iyulun 21-də qəbul edilmiş Dövlət qulluğu haqqında Qanun xüsusi əhəmiyyət daşıyır. Həmin qanun Azərbaycanda dövlət qulluğu sahəsində vahid dövlət siyasətinin formalaşmasının əsasını qoyub. Eyni zamanda bu sənəd dövlət qulluğunda kadr siyasətinin başlıca prinsiplərini müəyyənləşdirmiş, dövlət qulluqçularının hüquq və vəzifələrini, cəmiyyətdəki yerini və etik davranış standartlarını hüquqi müstəviyə çıxarıb. Bu gün müasir Azərbaycanın dövlət qulluğu sistemi şəffaflıq, peşəkarlıq, operativlik, vətəndaş məmnunluğu və hesabatlılıq prinsipləri üzərində qurulub. Bu yanaşma Sovet dövründə mövcud olmuş idarəçilik modelindən köklü şəkildə fərqlənir”.

Millət vəkilinin sözlərinə görə, sovet sistemində dövlət qulluğuna daha çox inzibati nəzarət və sərt bürokratik mexanizm prizmasından yanaşılırdısa, müasir Azərbaycanda dövlət qulluğu ilk növbədə vətəndaşa xidmət fəlsəfəsinə əsaslanır:

“Bugünkü dövlət qulluqçusu aydın şəkildə dərk edir ki, dövlət qulluğu şəxsi üstünlük və ya status göstəricisi deyil. Bu, daha çox məsuliyyət, hesabatlılıq və peşəkar xidmət öhdəliyidir. Dövlət qulluqçusu öz fəaliyyətində yalnız qanunları rəhbər tutmalı, vətəndaşların hüquq və mənafelərini qorumağı prioritet saymalıdır. Eyni zamanda, müstəqil Azərbaycanda dövlət qulluqçularının sosial rifahının yüksəldilməsi, əmək şəraitinin yaxşılaşdırılması və sosial təminatının gücləndirilməsi dövlət siyasətinin vacib istiqamətlərindən birinə çevrilib. Bu, peşəkar və məsuliyyətli kadrların dövlət idarəçiliyinə cəlb olunması baxımından da mühüm əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının Konstitusiyasının 12-ci maddəsində qeyd olunur ki, dövlətin ali məqsədi insan və vətəndaş hüquqlarının, azadlıqlarının və hər kəs üçün ləyaqətli həyat səviyyəsinin təmin edilməsidir. Dövlət qulluqçularının fəaliyyəti də məhz bu ali məqsədə xidmət edir. Onlar dövlətlə vətəndaş arasında mühüm körpü rolunu oynayaraq cəmiyyətin inkişafına, sosial rifahın yüksəlməsinə və idarəetmənin səmərəliliyinə töhfə verirlər. Bu gün Azərbaycan dövlət qulluqçuları cəmiyyətin ən məsuliyyətli və öncül təbəqələrindən biri olaraq dövlətə və xalqa xidmət missiyasını şərəflə yerinə yetirirlər. Onların peşəkarlığı, fədakarlığı və məsuliyyətli fəaliyyəti dövlət idarəçiliyinin dayanıqlığını təmin edən əsas amillərdən biridir. Dövlət qulluqçularının peşə bayramı da məhz bu xidmətin dəyərinin, onların əməyinə verilən yüksək qiymətin və dövlət tərəfindən göstərilən diqqət və qayğının bariz nümunəsidir”.

Beləliklə, Azərbaycanda dövlət qulluğu sahəsində həyata keçirilən köklü islahatlar idarəetmə mexanizmlərinin müasir standartlara uyğunlaşdırılmasına və şəffaflığın təmin edilməsinə birbaşa xidmət edir. Ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən bu strateji kurs dövlət qulluqçularının cəmiyyətdəki statusunu daha da möhkəmləndirir. Bu il 20 illiyi qeyd olunan bu əlamətdar peşə bayramı həm kadr potensialının gücləndirilməsi, həm də vətəndaş-dövlət münasibətlərində məmnunluq səviyyəsinin yüksəldilməsi baxımından ölkənin gələcək inkişaf dinamikasına yeni və güclü stimul verir.

Leyla Demokrat.az

NE
Nihadə Eyyubova